EN

Şəhərsalma sahəsindəki təcrübəmizə beynəlxalq maraq artır

III Azərbaycan Milli Şəhərsalma Forumu bunun növbəti təsdiqi oldu

Bu gün - oktyabrın 17-də III Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA3) başa çatır. Oktyabrın 15-də  "İqlimə davamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıq və innovativ həllərin imkanlarından istifadə" şüarı altında Xankəndidə start götürən üçgünlük tədbirin iki günü ərzində orada mövzu ətrafında geniş söhbətlər aparılıb. Bu gün isə forum Bakıda bir sıra müzakirələrin keçirilməsi ilə yekunlaşacaq.

Prezident İlham Əliyevin forumun iştirakçılarına məktub ünvanlaması bu tədbirin önəminə bir daha diqqət çəkir. Məktubda qeyd edildiyi kimi, forumun Xankəndi şəhərində keçirilməsi xüsusi məna daşıyır. Çünki uzun illər işğal altında qalmış bu şəhər indi sülhün, bərpanın və dirçəlişin rəmzidir: "Xankəndidə icra olunan infrastruktur layihələri şəhərin müasir, ağıllı və innovativ şəhər konsepsiyasına uyğun inkişafını təmin edir.

Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı ilə deyil, regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən məqsədyönlü layihələr, qurulan yeni əməkdaşlıqlar və formalaşan iqtisadi mühit yerli əhali üçün dayanıqlı yaşam imkanları yaradır və şəhərlərin dayanıqlı inkişafına xidmət edir".

Qeyd edək ki, son üç il ərzində Milli Şəhərsalma Forumu sıradan bir tədbir deyil, davamlı şəhərsalma sahəsində dialoq, əməkdaşlıq və ortaq irəliləyiş üçün institusional bir platformaya çevrilib. Artıq ənənə halını almış bu forum şəhərsalma sahəsində milli, regional və beynəlxalq tərəfdaşları bir araya gətirərək təcrübə mübadiləsi aparmaq, yeni təşəbbüslər formalaşdırmaq və əməkdaşlığı gücləndirmək üçün məkan rolunu oynayır.

Budəfəki foruma 64 ölkədən 400-ə yaxın iştirakçının qatılması da özlüyündə tədbirin əhəmiyyətini təsdiqləyən faktdır. Təsadüfi deyil ki, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru xanım Anaklaudiya Rossbax III Azərbaycan Milli Şəhərsalma Forumunun qlobal şəhərsalma gündəliyinin həyata keçirilməsi və dayanıqlı şəhərlərin qurulması istiqamətində mühüm çoxtərəfli əməkdaşlıq fürsəti olduğunu, təkcə Azərbaycan üçün deyil, bütün region və dünya üçün mühüm əhəmiyyət daşıdığını bildirib. İcraçı direktor həmçinin 2026-cı ildə ölkəmizin evsahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına hazırlıq proseslərində Azərbaycan hökumətinin fəaliyyətindən və dəstəyindən razılığını ifadə edib.

UN-Habitat-ın icraçı direktoru deyib: "Qlobal enerji istehlakının 75 faizdən, istixana qazı emissiyalarının 70 faizdən çoxu şəhərlərdə formalaşır. Bununla belə iqlim dəyişikliyinin təsirləri də ən çox şəhərlərdə hiss olunur - temperaturun artmasından və dəniz səviyyəsinin yüksəlməsindən tutmuş daşqınlara və su qıtlığına qədər. Buna baxmayaraq, şəhərlərin ehtiyacları daxili və qlobal iqlim maliyyələşməsində kifayət qədər təmsil olunmur. Biz təkcə yumşaldıcı tədbirlərdə geridə qalmırıq, həm də ən çox ehtiyac duyulan yerlərdə davamlılığa az investisiya qoyuruq. Şəhər artımının sürətini nəzərə alsaq, bu, xüsusilə narahatedicidir".         

O həmçinin bildirib ki, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. Şəhər davamlılığını təmin etmək üçün atdığımız addımlar bizi yüksək emissiyalı gələcəyə kilidləyəcək, yoxsa inklüziv, aşağı karbonlu şəhər inkişafı yolunu açacaq - III Azərbaycan Milli Şəhərsalma Forumu kimi tədbirlər məhz bu məqsədə xidmət edir. 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyası öhdəlikləri yeniləmək, irəliləyişi izləmək və tərəfdaşlıqları kataliz etmək üçün qlobal yoxlama məkanı olacaq.

Xatırladaq ki, ilk forum 2022-ci ildə keçirilib, hökumət nümayəndələri, ekspertlər və beynəlxalq tərəfdaşları bir araya gətirərək milli şəhərsalma çərçivəsini formalaşdırmağa imkan verib. Bu təməlin üzərində 2023-cü ildə keçirilən ikinci forum isə əməkdaşlıq mühitini daha da gücləndirib və innovasiyaların təşviq edilməsi ilə yanaşı, Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluğu təmin edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev növbəti Milli Şəhərsalma Forumunun dayanıqlı şəhər inkişafı sahəsində təcrübə mübadiləsi üçün geniş imkanlar yaratdığını və Azərbaycanın urbanizasiya siyasətini beynəlxalq standartlara uyğunlaşdırmaq təşəbbüsü baxımından əhəmiyyətini vurğulayıb. Belə ki, Prezident İlham Əliyevin siyasi iradəsi və uzaqgörənliyi sayəsində ölkəmizdə Bakıdan Qarabağadək, bütün bölgələrədək genişmiqyaslı şəhərsalma transformasiyası həyata keçirilir. Bu transformasiya Azərbaycanın dayanıqlı inkişaf, innovativ şəhərsalma və inklüziv böyüməyə olan sadiqliyini əks etdirir.

Qarabağ demişkən, bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş  ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir. Regionun ümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadratkilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur. 

Bu faktlar  dövlətimizin başçısının forum iştirakçılarına məktubunda da öz əksini tapıb. İştirakçıların diqqətinə çatdırılıb ki, əhalisi 300 min nəfərdən çox olan 8 şəhər və 90 kəndin baş planları artıq təsdiqlənib. İşğaldan azad olunmuş 6 şəhər, 2 qəsəbə və 20 kəndə insanlar geri qayıdaraq məskunlaşıb. Bu gün Böyük qayıdış proqramı çərçivəsində artıq 60 minə yaxın insan bu ərazilərdə yaşayır, işləyir və təhsil alır.

Müasir şəhərsalma prinsiplərinin tətbiqi ilə Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı infrastrukturunun qurulması, yaşayış məntəqələrinin yenidən salınması və əhalinin qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Başqa sözlə, burada son dörd il ərzində 3 yeni beynəlxalq hava limanı, avtomobil və magistral yolları, yeni dəmir yolu infrastrukturu inşa olunub, həmçinin yaşayış evləri, səhiyyə müəssisələri, təhsil ocaqları və digər sosial infrastrukturun tikintisi davam edir.

İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində enerji infrastrukturunun yenidən qurulmasına və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verilir. Bu ərazilər dövlətimizin başçısı tərəfindən "yaşıl enerji" zonası elan edilib. Hazırda burada çoxsaylı bərpaolunan enerji layihələri həyata keçirilir. "Ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq  olunur. Çəkilən yeni yollar Qarabağ və Şərqi Zəngəzurun paytaxtla və ölkənin digər əraziləri ilə birbaşa əlaqələndirilməsinə xidmət edir.

Təsadüfi deyil ki, Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi qabaqcıl təcrübəyə beynəlxalq aləmdə də maraq göstərilir. Bu sahədə beynəlxalq əməkdaşlıq, xüsusilə də BMT-nin Məskunlaşma Proqramı ilə birgə həyata keçirilən təşəbbüslər xüsusi önəm daşıyır. Elə bu səbəblərdən də gələn  il şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərdən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərara alınıb. Müvəffəqiyyətlə keçən III Azərbaycan Milli Şəhərsalma Forumu  növbəti mötəbər forumun uğuruna da təminat verir. 

Flora SADIQLI,

"Azərbaycan"

1Sources