Azərbaycan motorsportunun gənc istedadı, Portuqaliyanı təmsil edən üç sürücüdan biri Davin Cəfərovun iştirak etdiyi 24-cü Dünya Kartinq Çempionatının (World Grand Final) yarışları keçirilib.

Offsideplus.az xəbər verir ki, yarış İtaliyanın Lonato şəhərində yerləşən "International South Garda" trekində baş tutub. D.Cəfərov BirelArt Portuqaliya komandasının heyətində ilk dəfə olaraq BMB kateqoriyasında və dünya çempionatında start alıb. Çətin hava şəraiti və yüksək rəqabət fonunda keçirilən bu yarışın təsnifat mərhələsində yüngül qəza səbəbindən 32-ci yerdən start götürməyə məcbur qalan Davin, möhtəşəm performans göstərərək yarımfinal və final mərhələlərinə yüksəlib. Finalda o, 24 ötmə edərək italyan pilot Lorenzo Pignanellinin 14 ötməlik rekordunu qırıb və eyni zamanda yarışın ən sürətli dövrəsini (fastest lap) nümayiş etdirib. Davin Cəfərov yekunda finişə 8-ci çatıb.

Yarışdan sonra "AW Racing" komandasının rəhbərliyi Davin ilə görüşüb, ona öz sıralarına qoşulmaq təklifini edib. Lakin gənc pilot hələlik "BirelArt" komandası ilə mübarizəsini davam etdirməyi üstün tutub. İlin sonuna qədər Davinin daha iki beynəlxalq yarışda iştirakı gözlənilir.

Davinin müsahibəsini təqdim edirik:

“İtaliyanın Lonato şəhərində dünya çempionatı yarışı başa çatdı. Bu səviyyəli yarışda, bu trekdə və BMB kateqoriyasında ilk dəfə idi iştirak edirdim. Təəsüf ki yarışdan öncə buraya gəlib praktik məşqlərə qatılmaq imkanım olmadı. Bu çox çətin çempionatda iştirak etmək üçün dünyanın hər yerindən 5 kateqoriyalar üzrə 607 iştirakçı qatılıb. Yarış çox gərgin keçdi, lakin mən bunun öhdəsindən gəldim və yarım final mərhələsinə yüksəldim. Lakin sıralamada kiçik insident və şassi problemlərimiz oldu ki, bu da məni yarışa başlamaq üçün 32-ci yerdən başlamağa məcbur etdi və 24 sürücünü ötməklə yarışı ümumilikdə 8-ci sırada bitirdim. Yaş trekdə çox arxadan başlamaq və buna nail olmaq həqiqətən çox çətindir. Mən 15 dövrəlik (laps) yarışda 24 pilotu keçə bildim ki, bu çox qısa müddətdir və bunu etmək çətindir, ona görə də bu, özüm və komandam üçün çox böyük nailiyyətdir. Bir çox başqa pilotlar və komanda rəhbərləri mənimlə görüşmək və söhbət etmək üçün tentimizə yaxınlaşdılar. Beynəlxalq kartinq yarışlarında ilk dəfə bu səviyyədə iştirak edən və belə bir performans nümayiş etdirən azərbaycanlı sürücünü görəndə təəccübləndilər. iştirakçılar arasında dünya və avropa çempionları vardı, həmçinin hava şəraiti yarışı çox çətinləşdirdi. Nə qədər güclü olduğumuzu göstərmək, ölkəmi təmsil etmək mənim üçün inanılmaz fəxr və təcrübə idi. Mən Azərbaycanın avtomobil idmanında dünya miqyasında necə zirvədə ola biləcəyini sübut etmək üçün əlimdən gələni edirəm və həmyerlilərimdən böyük dəstək görmək məni daha da ruhlandırır”.

Qeyd edək ki, Avropa və dünya çempionlarının da yer aldığı yarışa dünyanın müxtəlif ölkələrindən 607 pilot qatılıb.