Azərbaycan
beynəlxalq münasibətlər sistemində çoxşaxəli və balanslaşdırılmış siyasət yürüdərək
həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır. Bu siyasətin
əsas məqsədi müxtəlif coğrafi və siyasi bloklar arasında balans yaratmaqla ölkənin
milli maraqlarını qorumaq və beynəlxalq nüfuzunu gücləndirməkdir. Hətta
aralarında ziddiyyətlər olan ölkələrlə Azərbaycan münasibətləri qarşılıqlı
fayda əsasında qoruyur. Bununla da ölkəmiz geosiyasi rəqabət meydanında körpü
rolunu oynayır.
Milli Məclisin
deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham
Əliyevin son günlər müxtəlif coğrafiyaları əhatə edən beynəlxalq və regional tədbirlərdə
iştirakı diversifikasiya olunmuş xarici siyasətin təzahürüdür:
"Prezidentin şəxsi nüfuzunun, ona olan ehtiramın, onun beynəlxalq
dialoqlarda fəal iştirakının diplomatik münasibətlərimizdə böyük rolu var. Dövlətimizin
başçısı dünya liderleri sırasında, dünyanın ən uzunmüddətli münaqişələrindən
birinin həlli yolunda ən önəmli mərhələ olan razılaşmanın imzalanacağı sammitə
dəvət alıb. ABŞ Prezidenti Donald Tramp Prezident İlham
Əliyevə xüsusi rəğbət bəsləyir və onu tədbirə dəvət edib. Azərbaycan artıq öz ərazisində münaqişəyə son
qoyub, sülhpərvər ölkə kimi tanınıb. Regionda yeni mərhələ, yeni reallıq
yaradıb. İndi isə qlobal təhlükəsizlik və sabitliyə töhfə verir. Azərbaycan
artıq regional oyunçudan qlobal məsələlərlə məşğul olan etibarlı tərəfə
çevrilir".
Deputat
qeyd edib ki, qlobal münaqişələrin həllində Prezident İlham Əliyevin məsləhətləri
və tövsiyələri nəzərə alınır, dövlətimizin başçısının təcrübəsindən
faydalanırlar: "Misirin Şarm-əl-Şeyx şəhərində keçiriləcək Yaxın Şərq Sülh
Sammiti çoxdandır sülhü gözləyən müharibədə razılaşma ehtimalı böyük olan, məhdud
sayda dövlət, hökumət başçılarının iştirakı ilə baş tutub. Sammitin məqsədi Qəzza
zolağında müharibəyə son qoymaq, Yaxın Şərqdə sülh və sabitliyə nail olmaq üçün
səyləri artırmaq və regional təhlükəsizlik və sabitliyin yeni dövrünü açmaqdır.
Çox qürurlu faktdır ki, Prezident İlham Əliyev bu mötəbər sammitdə iştirak
edir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"