EN

Moskvanı Bakı ilə düşmən etmək üçün yeni tapşırıq alınıb - "heyf, Heydər Əliyevin heykəllərini sökə bilmədik"...


Moskvanın Bakı ilə münasibətlərini pozmaq oyunu: Kirill Kabanov kimlərin maraqlarına xidmət edir?

Rusiyanın Milli Antikorrupsiya Komitəsinin sədri Kirill Kabanov “Qız qalası” adlı verilişdə Rusiyanın Azərbaycana qarşı siyasəti barədə danışıb və sərt bəyanatlar verib.

Kabanov deyib ki, Rusiya ilə Azərbaycan prezidentlərinin Düşənbədəki görüşü əslində Azərbaycanın təşəbbüsü ilə baş tutub. Onun fikrincə, bu görüş Bakının üzərində yaranan iqtisadi təzyiqlər fonunda baş verib. O iddia edir ki, Rusiyada Azərbaycanın neft biznesinə qarşı hücumlar başlayıb, bəzi azərbaycanlı sahibkarların fəaliyyəti məhdudlaşdırılıb.

Kabanov Putinin görüş zamanı “layiqli, lakin məsafəli” davrandığını söyləyib və əlavə edib ki, Rusiya Azərbaycandan onun üzərindən İrana qaz ötürülməsi məsələsində təzyiq aləti kimi istifadə edir.

O, həmçinin bildirib ki, Rusiya–Azərbaycan münasibətlərində yaranan gərginlikdən istifadə olunmalı idi: “Təəssüf edirəm ki, bu vəziyyətdən istifadə edib Heydər Əliyev abidələrini sökmədik. Onun abidələrinin sayı SSRİ-də Leninin abidələrindən çoxdur”.

Kabanovun sözlərinə görə, Azərbaycan heç vaxt Rusiyanın dostu və ya strateji müttəfiqi olmayacaq.

Verilişin aparıcısı Nadana Fridriksun isə əlavə edib ki, Prezident İlham Əliyevin “nə dərəcədə ciddi lider” olduğu Azərbaycan mətbuatının bu görüşü necə işıqlandıracağından bəlli olacaq. O, Azərbaycan mediasını təhqiramiz şəkildə “zibil” adlandırıb.

Məlumdur ki, prezidentlərin Düşənbə görüşündən sonra Azərbaycanla Rusiya arasındakı soyuq münasibətlərin “buzu əriməyə” başlayıb. Artıq qısa müddət ərzində irəliləyişlərə də nail olunub və tərəflər münasibətləri bu tərzdə inkişaf etdirmək əzmində olduqlarını nümayiş etdirirlər. Amma Kirill Kabanov və onun kimilərinin “təəssüf edirəm ki, bu vəziyyətdən istifadə edib Heydər Əliyev abidələrini sökmədik” deməsi iki ölkə arasında münasibətlərin inkişafını əngəlləməyi hədəfləyir. Belə məmurların bu cür çıxışları Azərbaycan-Rusiya münasibətlərini pozmaq istəyən müəyyən dünya mərkəzlərinin, o cümlədən Fransanın sifarişi ilə edilə bilərmi? Bu adamlar Qərb dövlətlərinin əlaltıları və casusları ola bilərmi? Yəni bu çıxışlar məqsədli şəkildə həyata keçirilə bilərmi?

Baki-xeber.com nəşrinə görə, Rusiyanın Milli Antikorrupsiya Komitəsinin sədri Kirill Kabanovun son açıqlamaları təkcə Azərbaycan-Rusiya münasibətlərinə zərbə deyil, həm də regiondakı siyasi oyunların arxasında kimlərin dayandığına dair yeni suallar doğurub. Onun “təəssüf edirəm ki, Heydər Əliyev abidələrini sökmədik” kimi sərsəm ifadəsi yalnız təxribat deyil — məqsədli şəkildə iki xalq arasında nifrət yaratmaq cəhdi kimi dəyərləndirilir.

Kabanovun çıxışları ilk baxışda fərdi emosiyanın nəticəsi təsiri bağışlasa da, diqqətlə təhlil edildikdə arxasında planlı kommunikasiya izləri görünür. Bu, təsadüfi bir ritorika deyil. O, Rusiya ictimaiyyətində anti-Azərbaycan əhval-ruhiyyəsi formalaşdırmağa, iki ölkə arasında formalaşmış qarşılıqlı etimadı sarsıtmağa yönəlmiş bir informasiya xəttinə xidmət edir.

Bu xəttin kimlərin maraqlarına uyğun olduğu sualına cavab axtaranda isə diqqət Qərb dairələrinə, xüsusən də son illərdə Cənubi Qafqazda təsir imkanlarını artırmağa çalışan dövlətlərə yönəlir. Fransa başda olmaqla, bir sıra Qərb mərkəzləri Rusiyanın regiondakı mövqelərini zəiflətmək, eyni zamanda Azərbaycanla Moskva arasında strateji körpünü sarsıtmaq üçün hər fürsətdən istifadə edir. Kabanovun ritorikası da bu məqsədə uyğun gəlir - Qərbin Rusiyaya qarşı yürütmək istədiyi “cənub ssenarisinə” sanki içəridən dəstək verir.

Bu tip fiqurların əsas xüsusiyyəti ondadır ki, onlar rəsmi dövlət siyasətini deyil, daha çox paralel, “informasiya agenturası” rolunu oynayır. Onlar açıq əmrlər almır, amma kimin səsini yüksəltmək, hansı mövzunu qabartmaq lazım olduğunu yaxşı bilirlər. Kabanovun da bəyanatlarında bu tendensiya aydın görünür: o, Rusiyanın öz strateji maraqlarına zidd danışır, amma bu, Qərbin regionda görmək istədiyi mənzərəyə tam uyğundur.

Belə bir vəziyyətdə onun çıxışlarını təkcə şəxsi fikir kimi qəbul etmək sadəlövhlük olardı. Bu, daha çox, Qərbdə dizayn edilən “Moskva–Bakı arasında məsafə yaratmaq” planının informasiya mərhələsidir. Çünki Azərbaycan bu gün regionda həm iqtisadi, həm enerji, həm də siyasi sabitlik faktoru kimi çıxış edir və bu, bəzi dövlətlərin maraqlarına uyğun deyil.

O, sanki “Rusiya içindən danışan Qərb səsi” kimi davranır - sistemli təxribatın tərkib hissəsidir

Kabanov kimi şəxslərin məqsədi məhz bu sabitliyi pozmaq, qarşılıqlı inamı sarsıtmaq və Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməkdir. O, sanki “Rusiya içindən danışan Qərb səsi” kimi davranır — bu isə sadəcə fərdi emosional açıqlama deyil, sistemli təxribatın tərkib hissəsidir.

Azərbaycan ictimaiyyəti və medianın bu tip çıxışlara emosional deyil, analitik yanaşması vacibdir. Çünki informasiya təxribatı yalnız o zaman uğurlu olur ki, ona hisslərlə cavab verilsin. Rəsmi Bakı artıq bir neçə dəfə bəyan edib ki, Rusiya ilə münasibətlər strateji əsasda qurulub və qarşılıqlı hörmət prinsipinə söykənir. Bu xətti qorumaq, Kabanov kimi səs-küylü fiqurların oyununa gəlməmək diplomatik baxımdan ən doğru addımdır.

Əgər məqsəd regionda sabitliyi pozmaqdırsa, bu, təkcə Bakıya deyil, Moskvaya da zərbədir. Çünki belə çıxışlar Rusiyanın öz beynəlxalq imicinə və postsovet məkanındakı nüfuzuna da xələl gətirir. Qərb mərkəzlərinin istədiyi də budur — region dövlətlərinin bir-birinə inamsız münasibətdə olması.

Nəticə aydındır: Kirill Kabanovun bəyanatları təsadüfi deyil. O, faktiki olaraq regionda mövcud olan balansı sarsıtmağa, Azərbaycanla Rusiyanı üz-üzə gətirməyə çalışır. Bu davranış Qərbin maraqlarına uyğun gəlir, amma Rusiya və Azərbaycan üçün təhlükəlidir. Ona görə də bu kimi çıxışlar nə qədər “şəxsi fikir” kimi təqdim olunsa da, onların arxasında ciddi geopolitik məqsədlərin durduğu aydındır.

Akif NƏSİRLİ

Chosen
45
50
baki-xeber.com

10Sources