Sülh sazişinin Moskvada imzalanması təklifi yeniləndi
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, “Rusiya Azərbaycan və Ermənistanın sülh sazişi imzalaması üçün öz ərazisini təqdim etmək təklifini qüvvədə saxlayır”. Qaluzinin sözlərinə görə, Moskva Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına xüsusi əhəmiyyət verir. “Rusiya İrəvan və Bakı arasında nizamlanma prosesində böyük və təsirli rol oynayıb” deyən nazir müavini tərəflərə qalan fikir ayrılıqlarının aradan qaldırılmasında bütün zəruri dəstəyi göstərməyə hazır olduqlarını vurğulayıb.
Uzun müddət idi Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişi və xüsusən də sülh müqaviləsinin harada imzalanması mövzusunu gündəmə gətirmirdi. İndi nazir müavini Qaluzinin verdiyi açıqlama Moskvanın yenidən hərəkətə keçdiyi sayıla bilərmi? Rusiyanın bu təklifi Azərbaycan və Ermənistan tərəfindən qəbul ediləcək?
Aydın Hüseynov
Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları uzun müddətdir vasitəçisi aparılır və vasitçisiz danışıqların daha effektli olduğu məlumdur: “Ona görə də vasitəçiyə ehtiyac yoxdur. Azərbaycanla Ermənistan prosesi öz aralarında daha uğurla aparırlar. Ona görə də xeyli məsafə qət olunub. Məhz vasitəçinin olmadığı prosesin nəticəsi olaraq sülh sazişi layihəsi hazırlandı və razılaşdırıldı. 8 avqustda Vaşinqtonda isə sülh sazişi layihəsi paraflandı. Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün şərti qüvvədə qalır. Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddiası çıxarılmalıdır. Ermənistan baş naziri bu addımı atacaqları vədini verib. Kənar qüvvələr yaxşı olar ki, bundan sonra Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması məsələsinə müdaxilə etməsinlər. Sülhə töhfə vermək istəyirlərsə, prosesə müdaxilə etməsinlər, kənarda dayansınlar. Sülh müqaviləsinin imzalanması bütün regionun faydasına olacaq. Müqavilənin hansı məkanda, harada imzalanması qərarı da Azərbaycanla Ermənistanın öz aralarında razılaşdıracağı məsələdir. Əsas məsələ sülh müqaviləsini imzalamaqdır. Harada imzalanması əsas məsələ deyil”.
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu bildirdi ki, Mixail Qaluzinin açıqlaması Kremlin Azərbaycan və Ermənistan liderlərinin sülh müqaviləsini məhz Moskvada imzalanması uğrunda mübarizəyə başladığının əlamətidir: “Açıqlama bundan xəbər verir. Rusiyalı diplomat bu sözləri Ermənistanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda deyib. Qaluzinin "aydındır ki, planlarımızı praktiki olaraq həyata keçirmək üçün hələ də mühüm işlər görülməlidir" cümləsi də maraq doğurur. Birincisi, Qaluzinin iddia etdiyi kimi, İrəvanla Bakı arasında xüsusi fikir ayrılığı qalmayıb və buna görə tərəflərin Moskvanın vasitəçiliyinə ehtiyacı yoxdur. Sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyası dəyişdirilməlidir. Ermənistanın baş naziri Nikol Paşinyan gələn ilin iyun ayında parlament seçkilərindən sonra yeni konstitusiya qəbul edəcəklərinin anonsunu verib. Ermənistan yeni konstitusiyada Azərbaycana ərazi iddiasını ehtiva edən bəndi çıxardıqdan sonra iki ölkə arasında sülh sazişinin imzalanması üçün maneə qalmayacaq. Bu səbəbdən Qaluzinin açıqlamasından fərqli olaraq “mühüm işlərə” ehtiyac yoxdur. Mühüm işlər buna qədər görülüb. İkincisi, Azərbaycan və Ermənistan liderləri sülh sazişinin mətnini avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə paraflayıblar. Ukrayna müharibəsinə görə ABŞ ilə Rusiya arasında dərin fikir ayrılığı var. Azərbaycan hakimiyyəti və cəmiyyəti də Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini qəbul etmir. Bundan başqa, Azərbaycan və Ermənistan Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının azaldılmasında maraqlıdır. Təkcə bu iki amili nəzərə alaraq Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün Rusiya paytaxtının seçilməsi ehtimalı azdır".
Politoloq hesab edir ki, sülh sazişinin imzalanması üçün yenidən okeanın o tayına səfərə ehtiyac olmasa da, sənəd müxtəlif məkanlarda, iki ölkənin sərhədində, Tiflisdə, Ankarada və ya Astanada imzalana bilər.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”