EN

Bir Aqil Nəbiyev, iki biabırçılıq, üç milli... - YAZI

Ümid edirəm ki, siz oxucular bu cümlələri oxuyanda əsas millimiz DÇ-2026-nın seçmə mərhələsi çəçivəsində keçirdiyi matçda Fransadan 8 qol buraxmış olmaz.

Hər halda, bu yazını Parisdə keçiriləcək oyuna bir neçə saat qalmış qələmə alıram və məqsədim U-17 yığmamızın Avropa çempionatının seçmə mərhələsində baş tutan ilk matçına – fransalı həmyaşıdlarına qarşı oyununa sözardı yazmaqdı. Və həmin qarşılaşmayla bağlı məqamların əsas yığmamızın uğursuzluğunun kölgəsində qalmasını arzulamıram. Ona görə ki, həmin məğlubiyyət bir nəfər kimi hamımızı üzəcəksə, U-17 millimizin baş məşqçisi Aqil Nəbiyev üçün dayaq rolunu oynayacaq. Belədə mütəxəssis yerini rahatlayacaq, növbəti biabırçılıqlar üçün cığır açılacaq. Halbuki buna qətiyyən imkan vermək olmaz. Artıq necə deyərlər silkələnmək, heç olmasa, bəzi şeyləri etiraf etmək lazımdı. Düzdü, biz onsuz da istər yerli, istər əcnəbi baş məşqçilərin dilindən min bir bəhanə eşitmişik, eşidirik, eşidəcəyik. Öyrəşmişik. Türklər demişkən, acıların çocuğuyuq. Lakin heç olmasa, millidə, özü də bu cür prioritet məsələlərdə səmimi olmalı, təsadüfi uğurların arxasında gizlənməməliyik!
Sanki “niyə Aqil Nəbiyevin yaxasından yapışmısan?” sualını eşidirəm. Odu ki, vaxtınızı çox almadan mətləbə keçim. Ancaq fikriniz qarışmasın deyə əvvəlcədən bildirim ki, o, təkcə U-17-nin yox, həm də U-15 və U-16 millilərinin “sükanı arxasındadı”. Məhz həmin U-15 komandası ötən ay ilk dəfə milli səviyyəsində toplanış keçirdi və bu çərçivədə keçirilən yoxlama oyununda monteneqrolu həmyaşıdlarına uduzmadı (0:0, 3:1). Nəticədə sevincək olan Aqil bəy “report”a açıqlamasında görün nələr dedi:
“İnkişaf üçün potensial, istedadlı futbolçular var. Sadəcə, istiqamət düzgün seçilməlidi. Klub səviyyəsində beynəlxalq turnirlərə tez-tez qatılmalıdılar ki, bəhrəsini görsünlər. Pozitiv olmalıyıq, Azərbaycanda futbol da var, futbolçu da. Sadəcə, işlər düzgün qaydada aparılsa, faydası üzə çıxar”.

İndi icazənizlə mənim Aqil bəyə suallarım var: “Hansı işləri düzgün qaydadada aparmadız ki, U-17 millimiz Parisdə Fransadan 8 cavabsız qol buraxdı, 3-cü MDB Oyunlarında iştirak edən U-16 yığmamız isə finalda qələbəni əldən verdi? Üstündən çox vaxt keçməyib. Yəqin oxucular da 16 yaşlı futbolçulardan ibarət komandamızın Rusiyaya qarşı matçın 73-cü dəqiqəsinə qədər 2:0 hesabıyla öndə olduqlarını, 73, 74 və 76-cı dəqiqədə buraxdığı qollar üzündən uduzduğunu xatırlayır. Belə böyük üstünlüyü əldən verən kollektivin baş məşqçisi hansısa taktiki-strateji plandan danışa bilərmi? Və ya fiziki-psixoloji hazırlığın səviyyəsindən gileylənməyə haqqı varmı? Təbii ki, yox. Ancaq məhz Rusiyaya məğlubiyyətə görə futbolçuların fiziki durumundan şikayətlənməkdən çəkinmədi. Loru dildə desək, özünü bu cür “sığortaladı”. 0:8-ə bəhanə tapmaq müşkülə çevrilib. Bəlkə də 3-cü MDB Oyunlarından sonra Avropa çempionatında yaşanan uğursuzluq Aqil Nəbiyevdə “getmək vaxtıdı” kimi fikir formalaşdırıb və hazırda məhz bu yöndə götür-qoy edir. Düzü, bu ehtimalı özüm də yüksək dəyərləndirmirəm, amma AFFA məhz bu yöndə ciddi düşünməyə başlasa, yaxşıdı.
Böyük yaş qruplarında, U-21-də, əsas yığmada avropalılardan geri olduğumuzu bilirik, anlayırıq, onlara çatmağa çalışırıq. Ancaq U-17 səviyyəsində fransızlardan 8 cavabsız qol buraxmaq artıq biabırçılığın zirvəsidi. Bunun daha başqa adı yoxdu.

Xatırlayırsızsa, əsas yığmanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfranslarının birində “bir əldə iki qarpız tutmaq olar, amma üçünü götürmək çox çətindi” demişdi. O, bununla həm U-21-də, həm əsas millidə, həm də “Şamaxı”da çalışmağın mümkünsüz olduğunu bildirmişdi. Zaman Ayxan bəyi haqlı çıxarır. Bəs Aqil Nəbiyev necə düşünür? Üç milli iki çiyin üçün ağır yük deyilmi?

KƏNAN BAHADIR
Chosen
14
1
football-plus.az

2Sources