EN

Bu il vergi ödəyicilərinə 682 mindən çox xidmət göstərilib

Bakı, 13 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 429 min 580 şəxs qəbul edilib, onlara 682 min 504 sayda xidmət göstərilib ki, bunun da 241 mindən çoxu şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 150 mindən çoxu isə elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aşağıda qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 89,3 faizini təşkil edib:

- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

- Vergiödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);

- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

- “ASAN İmza” sertifikatlarının verilməsi;

- Vergiödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

- Vergiödəyicisinə arayışların verilməsi;

- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

- Fiziki şəxsin uçotdan çıxarılması;

- Vergiödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması).

Qeyd olunub ki, yanvar-sentyabr ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 25,4 minədək yazılı müraciət cavablandırılıb, onlara 19,1 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində 3024 vergiödəyicisinin iştirakı ilə 289 görüş keçirilib, 3806 vergiödəyicisinə ünvanlı xidmət göstərilib.

Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 2 milyon 215 minə yaxın SMS göndərilib. Yanvar-sentyabr ayları ərzində ümumilikdə 236 min 862 müraciət üzrə 361 min 361 sayda “ASAN İmza” sertifikatı verilib.

 

Chosen
22
11
azertag.az

10Sources