AZ

9 ayda vergi ödəyicilərinə 682 min xidmət göstərilib

BAKI, 13 oktyabr. TELEQRAF

Bu ilin yanvar – sentyabr aylarında vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 429.580 şəxs qəbul edilib.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, onlara 682.504 sayda xidmət göstərilib ki, bunun da 241 mindən çoxu şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 150 mindən çoxu isə elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub.

Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 25,4 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 19,1 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində 3.024 vergi ödəyicisinin iştirakı ilə 289 görüş keçirilib, 3.806 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 2 milyon 215 minə yaxın SMS göndərilib.

Əlavə olaraq bildirək ki, yanvar – sentyabr aylarında ümumilikdə 236.862 müraciət üzrə 361.361 sayda Asan İmza sertifikatı verilib.

Seçilən
5
5
teleqraf.com

10Mənbələr