BAKI, 12 oktyabr. TELEQRAF
Kiyevdə bir qrup gənc şəhərin sinaqoqu yaxınlığında bir şəxsə hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı Kiyev Yəhudi İcması sosial şəbəkədəki rəsmi hesabında yayıb.
Bildirilib ki, hadisə paytaxtın Obolon rayonunda baş verib. Hücum edənlər antisemit şüarlar səsləndirib və nasist salamı nümayiş etdiriblər. Sinaqoqdan icma nümayəndəsi hadisəyə müdaxilə etməyə çalışarkən, hücumçular onun üzərinə qaz balonundan gözyaşardıcı qaz sıxıblar.
İcma bildirib ki, həmin gənclər daha əvvəl də sinaqoq ətrafında görülüblər. Onlar o zaman da nasist salamları verib və ravvinə qarşı təhqiramiz ifadələr səsləndiriblər.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.