EN

Azərbaycan millisinin üzvü: “Arzum idi, Ronaldoya qarşı oynamışdım, indi də Mbappe...” - MÜSAHİBƏ

BAKI, 12 oktyabr. TELEQRAF

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransaya 0:3 hesabı ilə məğlub oldu. Yığmamız məğlub olsa da, güclü rəqibi qarşısında əvvəlki matçlara nisbətən dirəniş göstərdi.

Teleqraf-a müsahibə verən yığmamızın üzvü Elvin Bədəlov qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

– Fransa ilə oyunda çoxları daha böyükhesablı məğlubiyyət gözləyirdi. Siz qeydə alınan nəticəni necə dəyərləndirirsiniz?

– Hesab ürəkaçan deyil, amma bu bizim futbolumuzun reallığıdır. Əlimizdən gələn hər şey etdik, amma səviyyə fərqi var. Bunu qəbul etmək lazımdır. Əsas odur ki, asan təslim olmurduq, mübarizə aparırdıq.

– Komandanın əzmkar çıxışı heç kimdə şübhə doğurmur. Millilər arasındakı fərq ekrandan da aydın görünürdü. Bəs, bu fərq meydanda necə hiss edilirdi? Məsələn, Mbappenin sürətinə çatmaq üçün nə lazım idi?
– Əlbəttə, dediyim kimi fərq göz qabağındadır. Həm komanda olaraq, həm fərdi keyfiyyət baxımından belə desək, yalan olmaz. Mbappeden danışmağa da dəyməz, onun çatdığı sürəti, texnikası unikal bir şeydir.

– Yeri gəlmişkən, Mbappe ilə görüntünüz sosial şəbəkələrdə də viral oldu. Həmin an onunla nə barədə danışırdınız?
– Oyun ərzində dialoqumuz tez-tez olurdu. Zədəylə bağlı danışığımız oldu, mən də ona tövsiyə etdim ki, ağrılar varsa risk etməsin, əvəzlənsin. O da mənə dedi ki, daha oynaya bilməz və birazdan əvəzlənəcək. Zarafatla dedim ki, “düz eləyirsən, sən də dincəl, biz də dincələk. Amma əsas oyunçunun sağlamlığıdır. Əlbəttə, belə futbolçulara qarşı oynamaq həmişə arzum idi. Ronaldoya qarşı oynamışam, indi də Mbappe. Çox böyük təcrübə qazandım.

– Mbappe zədəli olsa da, Azərbaycanla oyuna çıxmaq istədiyini əvvəldən bildirmişdi. Bir qol və bir assistlə yadda qaldı. Ayxan Abbasov sizi Mbappe təhlükəsinə xüsusi hazırlamışdı?
– Biz tək ona fokuslanmamışıq, komanda olaraq Fransaya qarşı hazırlaşırdıq. Əlbəttə, bilirdik ki, qol vurmaq istəyir, maksimum qarşısını almaq üçün çalışdıq. Amma onun səviyyəsi inanılmazdır.

– Bu nəticədən sonra bir çoxları Bakıda Fransadan xal almağın mümkünlüyünü qeyd edir. Hətta bəziləri İslandiyaya 0:5 hesabı ilə uduzduğunuz oyundansa, bu məğlubiyyəti daha layiqli sayır.
– Sevindirici haldır ki, oyundan-oyuna inkişaf edirik, çalışırıq daha yaxşı olaq. Əlbəttə, vaxt lazımdır, amma indidən görmək olar ki, Ayxan Abbasov böyük iş görür. İnanıram ki, daha yaxşı ola bilərik, hər komandaya qarşı mübarizə aparacağıq, bunu deyə bilərəm.

– Fransa millisinin baş məşqçisi Didye Deşamp matçdan əvvəl bildirmişdi ki, rəqibin heyətində “Qarabağ” kimi Çempionlar Liqasının qrupunda çıxış edən komandanın futbolçuları var. Oyundan sonra isə bəziləri “Əgər Bəhlul Mustafazadə və Şahruddin Məhəmmədəliyev bəzi zərbələri dəf etməsəydi, hesab daha böyük olardı” fikrini səsləndirdi. Siz bu fikirlərlə nə dərəcədə razısınız?
– Tam razıyam, çox təhlükəli epizodlar oldu, zərbələri blok elədilər, çıxartdılar. Amma bəlkə gözə görünməyən iş də var idi, onu da komanda olaraq etdik. Uşaqlar çox əziyyət çəkdilər.

– Növbəti oyunda sizi Ukrayna ilə çətin görüş gözləyir. Rəqibdən daha əvvəl Bakıda xal almısınız. Səfərdə bu komanda sizə hansı çətinliklər yarada bilər? Qələbə qazanmaq mümkündürmü?
– Çətin rəqibdir, üstəlik yorğunluq da var, amma başqa yolumuz yoxdur. Çıxacağıq, maksimum əlimizdən gələni etməyə çalışacağıq. Futboldur, hər şey mümkündür, amma rəqib də çox yaxşıdır. Görəcəyik.

Chosen
8
2
teleqraf.com

3Sources