EN

Bu ölkədə ARA QARIŞDI: Prezident paytaxtdan QAÇDI - FOTO, VİDEO

Madaqaskarda bu səhər hərbi çevriliş baş verib. 11 oktyabrda ordu paytaxt Antananarivuya daxil olaraq hökumət binalarını nəzarətə götürüb. Prezident Andri Radzuelina davam edən etirazlar fonunda paytaxtdan qaçıb.

Hurriyyet.Az xəbər verir ki, bu barədə "Jeune Afrique" mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazır ki, Radzuelina səhər saatlarında paytaxtı helikopterlə tərk edib. Onun hazırda hansı ölkəyə sığındığı barədə məlumat yoxdur.

Hazırda dövlət televiziyası və hökumət binası xüsusi təyinatlı qüvvələr tərəfindən qorunur. Şahidlərin sözlərinə görə, ordu rəhbərliyi televiziya vasitəsilə “xalqın iradəsini qorumağa gəldiklərini” bəyan edib.

Qeyd edək ki, ölkədə etirazlar sentyabrın 25-də başlayıb, əsasən su və elektrik enerjisinə çıxışın yaxşılaşdırılması, səhiyyə sistemindəki problemlər və yüksək korrupsiya səviyyəsi ilə bağlıdır.

Zamanla etirazçılar prezident Radzuelinanın istefasını tələb etməyə başlayıblar.

Xatırladaq ki, o, 2009-cu ildə etiraz aksiyaları nəticəsində hakimiyyətə gəlib, 2019 və 2023-cü illərdə yenidən prezident seçilib.

BMT-nin məlumatına görə, iğtişaşlar zamanı ən azı 22 nəfər həyatını itirib, 100-dən çox insan yaralanıb. Sentyabrın 29-da Radzuelina hökumətin istefasını elan etsə də, etirazlar hələ də davam edir.

Beynəlxalq Valyuta Fondunun məlumatına görə, ölkənin 30 milyon sakininin yalnız üçdə biri elektrik enerjisindən istifadə edə bilir. \\Musavat.com

Chosen
14
3
hurriyyet.az

6Sources