EN

Azərbaycan Qəzzada “ASAN xidmət” modelini tətbiq edəcək

ABŞ Prezidenti Donald Trampın Qəzza planı artıq işə düşüb. İsrail hökumətinin planı təsdiqləməsindən sonra Qəzzada atəşkəs rejimi qüvvəyə minib, HƏMAS-la əsir və girovların dəyişdirilməsi prosesinə start verilib. Növbəti mərhələdə Qəzza planının tərkibi hissəsi olan bərpa-quruculuq işlərinə başlanılması planlaşdırılır.

Atəşkəsin elan edilməsində müstəsna rol oynayan qardaş Türkiyə bərpa-quruculuq işində iştirak edəcək. 

Məlum olduğu kimi, Azərbaycan Suriyanın yenidən dirçəlidilməsində qardaş Türkiyə ilə birgə hərəkət edir.  Eləcə də Azərbaycan erməni işğalından azad etdiyi öz ərazilərini sürətlə yenidən qurmağa başladı və bu gün oralara  qismən həyat qayıdıb. 5 ildə üç beynəlxalq hava limanı, yollar tikilib və digər infrastrukturlar qurulub.

Bütün bunları nəzərə aldıqda Azərbaycanın Qəzzadakı bərpa-quruculuq işlərinə qoşulması ehtimalının yüksək olduğu görünür.

Deputat Arzuxan Əlizadə bildirib ki, Azərbaycan Türkiyə ilə birgə Qəzzada bərpa-quruculuq işlərində iştirak edəcək:

"Qəzzada atəşkəsin əldə edilməsində qardaş Türkiyə də iştirak edib. Bərpa-quruculuq işlərinə də Türkiyənin vəsait ayıracağı və prosesdə iştirakı artıq bəllidir. Azərbaycan və Türkiyə Suriyanın bərpasında iştirak edirlər. Eləcə də Qəzzada da Azərbaycanın iştirakının təmin olunması istinsa edilmir. Azərbaycanın bu sahədə böyük təcrübəsi var. İşğaldan azad olunmuş Qarabağda 5 il ərzində çox böyük işlər görülüb. Üç beynəlxalq hava limanı, yollar və digər infrastrukturlar tikilib. Qısa müddət ərzində misli-bərabəri olmayan işlər görülüb. Bu prosesdə qardaş türk dövlətləri Azərbyacana müxtəlif formada dəstək olur və iştirak edirlər. Hesab edirəm ki, Azərbaycan Qəzzada mütləq mənada bərpa-quruculuq prosesində qardaş Türkiyə ilə yanaşı iştirak edəcək". 

Deputat vurğulayıb ki, Azərbaycan Qəzzada "ASAN xidmət" strukturunu da qura bilər: 

"Azərbaycan modeli olan "ASAN xidmət" modeli bir sıra ölkələrdə artıq tətbiq olunub. Yaxın qonşu, eləcə də postsovet və inkişaf etməkdə olan ölkələrdə Azərbaycan təcrübəsindən istifadə olunub. Azərbaycan Qəzzada da proseslərə öz töhfəsini verəcəyi şübhə doğurmur".

Chosen
10
3
news365.az

10Sources