AZ

Netanyahunu küncə sıxışdıracaq plan - Qəzzada atəşkəsin arxasında gizlənən gizli razılaşma 

İki ildən sonra İsraillə HƏMAS arasında razılaşmanın əldə olunması Yaxın Şərqdə illərdir davam edən qanlı toqquşmalardan sonra atılan mühüm, lakin kövrək bir addım kimi qiymətləndirilir. Müharibə nəticəsində Qəzza xarabalığa çevrildi, minlərlə insan həyatını itirdi, bölgədə humanitar fəlakət yaşandı. İndi isə tərəflərin masaya oturması həm ümid, həm də suallar doğurur: bu razılaşma regionda sabitliyin başlanğıcımı olacaq, yoxsa sadəcə növbəti müvəqqəti atəşkəs?
 
Moderator.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Donald Tramp administrasiyası Yaxın Şərqdəki müharibənin dayandırılmasında həqiqətən səmimidir.
Onun sözlərinə görə, bunun bir neçə əsas səbəbi var:
 
“Birincisi, Trampın Qəzzaya investisiya qoymaq niyyəti var. Məncə, yaxın zamanda ABŞ bu istiqamətdə açıq bəyanatlar verəcək. Başqa sözlə desək, Vaşinqton Qəzzada bərpa işlərində, infrastruktur layihələrində aktiv iştirak etməyə çalışacaq. Hətta bəzi iddialara görə, Tramp Qəzzada istirahət mərkəzi açmaq planı qurur.
İkincisi, davam edən müharibə ABŞ-la ərəb dünyası arasındakı münasibətləri zədələyirdi. Tramp isə bu münasibətlərin pozulmasını istəmir. Ərəb ölkələri İsrailə görə ABŞ-la gərginlik yaşamaq istəmədiklərindən, Tramp da bu səbəbdən atəşkəsin əldə edilməsinə çalışırdı və bunu bacardı.
Üçüncüsü, Tramp Nobel Sülh Mükafatına iddialıdır. Buna görə də, şəxsi ambisiyaları baxımından müharibələri dayandırmaqla özünü “sülh yaradan lider” kimi təqdim etməyə çalışır.
Dördüncüsü isə, İsrail nə qədər ABŞ-dan dəstək alsa da, bu dəstəkdən artıq dərəcədə sui-istifadə etməyə başlamışdı. Vaşinqton isə təbii ki, bu “şıltaqlıqlara” sonsuz dözümlülük göstərə bilməzdi. Bu baxımdan Tramp administrasiyasının mövqeyi həm də İsrailin növbəti sərt addımlarının qarşısını almağa yönəlmişdi”.
 
 Siyasi şərhçi diqqətə çatdırıb ki, ABŞ prezidenti Donald Tramp ilə İsrailin baş naziri Benyamin Netanyahunun görüşündən sonra əldə edilən razılıq göstərir ki, Tramp bu dəfə Netanyahu ilə daha sərt formada danışıb:
 
“Bununla belə, məsələnin başqa bir tərəfi də var. Netanyahunu indiyə qədər hakimiyyətdə saxlayan əsas amil məhz müharibə idi. Çünki artıq beynəlxalq ictimaiyyət onu hərbi cinayətlərə görə ittiham edir. Üstəlik, onun komandasında ciddi fikir ayrılıqları mövcuddur və İsrail cəmiyyətində də ona qarşı artan narazılıq, aqressiya müşahidə olunur. Netanyahu faktiki olaraq hakimiyyətini müharibə hesabına qoruyurdu.
Əslində məntiqli və gözlənilən addım onun istefası olardı. Amma görünür, Tramp ona bu məsələdə müəyyən təminatlar, yəni hakimiyyətdə qalacağına dair zəmanət verib. Məhz bu zəmanət sayəsində Netanyahu atəşkəsə razılıq verib və müharibəni dayandırmağa məcbur olub.
Düşünürəm ki, bu dəfə atəşkəs uzunmüddətli və davamlı olacaq. Çünki artıq burada ABŞ birbaşa zəmanətçi qismində çıxış edir. Əks halda, atəşkəsin yenidən pozulması Vaşinqtonun İsrailə qarşı ciddi narazılığına və diplomatik gərginliyə səbəb ola bilər.
Nəticə etibarilə, İsrailin geri addım atmasının əsas səbəblərindən biri ABŞ-ın mövqeyi, həmçinin beynəlxalq ictimaiyyətin təzyiqi oldu.
O ki qaldı, bundan sonra Qəzzanı nə gözləyir — təbii ki, bölgədə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılacaq, humanitar dəstək artırılacaq. Qəzzaya həm investorlar, həm də humanitar təşkilatlar daha fəal şəkildə daxil olacaqlar. Bu prosesdə ABŞ və Tramp administrasiyası da əsas rol oynayacaq”.
 
Mehin Mehmanqızı
 
Seçilən
5
1
moderator.az

2Mənbələr