Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan razılığa əsasən, 28.11.2025-ci il tarixdə saat 10:00-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulub.
İmtahanda iştirak etmək niyyətində olan namizədlər tərəfindən sənəd qəbulunun 19.11.2025-cü il tarixədək davam edəcəyi nəzərə alınmalıdır. Həmçinin elektron qaydada müraciəti təsdiq edilən, ancaq imtahanda iştirak üçün nəzərdə tutulan ödənişi etməyən şəxslər 19.11.2025-ci il tarixədək “Şəxsi kabinet” vasitəsilə ödənişi həyata keçirməlidirlər. Əks təqdirdə, test imtahanında iştirak üçün buraxılış vərəqəsini əldə edə bilməyəcəklər.
Qeyd olunmalıdır ki, keçirilməsi nəzərdə tutulan test imtahanına namizədlər buraxılış vərəqəsi ilə buraxılacaqlar. Bu səbəbdən namizədlərdən imtahanda iştirak üçün buraxılış vərəqəsini imtahandan 3 gün əvvəl namizədin elektron şəxsi kabinetinə və ya dim.gov.az saytına daxil olaraq çap etmələri xahiş olunur.
Eyni zamanda namizədlərdən müəyyən olunan vaxtdan ən geci 1 saat əvvəl imtahanın keçiriləcəyi DİM-in Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusuna şəxsiyyət vəsiqələri və buraxılış vərəqələri ilə birlikdə yaxınlaşmaları xahiş olunur.
Əlavə olaraq bildirilir ki, hazırda sənəd qəbulu elektron (https://barassociation.az/candidate-login) qaydada davam edir. Vəkilliyə qəbulla bağlı elektron qeydiyyatdan keçmiş şəxslər 19.11.2025-ci il tarixədək ödəniş edə və ya elektron müraciətlərini təxirə sala bilərlər.