EN

"İnanırdım ki, Azərbaycan-Rusiya Prezidentləri gərginliyi aradan qaldıra bilər" - Qüdrət Həsənquliyev

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev ötən gün Tacikistan Respublikasının paytaxtı Düşənbə Azərbaycan və Rusiya Prezidentlərinin görüşü barədə Elchi.az-ın suallarını cavablandırıb.

Aktual.az millət vəkilinin müsahibəsini təqdim edir:

-Qüdrət bəy, Azərbaycan və Rusiya prezidentlərinin görüşünü necə qiymətləndirirsiniz?

-Xalqımız necə qiymətləndirdisə, mən də elə. İnanırdım ki, Prezidentlər görüşüb yaranmış gərginliyi aradan qaldıra bilər. Azərbaycan həmişə Rusiya ilə qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı olub. Yaranmış gərginlik Rusiyanın AZAL-ın sərnişin təyyarəsinin Rusiyanın hava məkanında vurulmasından sonra sərgilədiyi anlaşılmaz və qəbul edilməsi mümkün olmayan mövqeyinə görə idi. Azərbaycan Respublikası Prezidentinin baş verənlərə adekvat və prinsipial, amma təmkinli yanaşması münasibətlərin tamamilə geridönməz formada korlanmasının qarşısını aldı. Hansı ki, çoxları bunu arzu edirdi. Rusiya Azərbaycanın bu mövqeyini qiymətləndirməyi bacardı və atmalı olduğu addımı atdı. Azərbaycanın və Rusiyanın strateji maraqları dost və müttəfiq olmağı tələb edir. İlham Əliyev azərbaycanlıların və dövlətin maraqlarını uzlaşdırmağı bacardı. Dünənki görüş məhz bu səbəbdən, xalqımız tərəfindən böyük diplomatik uğur kimi qəbul olundu.

-Prezidentlər arasında daha hansı məsələlər müzakirə mövzusu ola bilər?

-Düşünürəm ki, Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının qorunması, onların təqibinə son qoyulması ilk müzakirə olunan məsələlərdən biri ola bilərdi.

Eyni zamanda azərbaycanlıların qanunsuz neft satışına cəlb olunması, Rusiyadan İrana Azərbaycan üzərindən qaz kəmərinin çəkilməsinə Azərbaycanın razılığı qarşısında Türkmənistandan Azərbaycana Transxəzər qaz kəmərinin çəkilməsinə də Rusiyanın problem yaratmaması, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi də yəqin ki, müzakirə olunan məsələlərdən olub. O cümlədən təhlükəsizlik və bütün istiqamətlər üzrə əlaqələrin inkişaf etdirilməsi məsələlərinin də müzakirə olunması heç kimdə şübhə doğurmur.

Chosen
16
2
ulusum.az

7Sources