EN

Mideta Kaloper: İtkin düşmüş şəxslərin ailələri arasında əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir

BAKI, 9 oktyabr. TELEQRAF

Bosniya və Herseqovinada ailələr üçün əsas prioritet itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsidir.

Teleqraf xəbər verir ki, bunu Bosniya və Herseqovinadan olan itkin şəxsin ailə üzvü Mideta Kaloper Bakıda keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, 1990-cı illərdə Bosniya və Herseqovinaya qarşı həyata keçirilmiş təcavüz nəticəsində itkin düşmüş çoxsaylı şəxslərin taleyi hələ də naməlum olaraq qalır.

“Bosniya və Herseqovinada o dövrdə baş verən hadisələr geniş ictimaiyyətə məlumdur. Hazırda ən mühüm məsələlərdən biri itkin düşmüş şəxslərlə bağlı problemlərin həllidir. Ailələr üçün ən vacib məsələ yaxınlarının nəşinin tapılmasıdır. Yalnız bu halda itkinlərin ailələri daxili rahatlıq və sülh hissi yaşaya bilərlər.

Eyni zamanda, itkin düşmüş şəxslərin ailələri arasında əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Bundan daha vacib olan məsələ ailələrlə dövlət institutları arasında birgə fəaliyyətin qurulmasıdır. Ailələr və dövlət qurumları qarşılıqlı əməkdaşlıq şəraitində çalışmalıdırlar ki, cavabsız suallara aydınlıq gətirilsin və itkinlərin qalıqları müəyyən edilsin.

Bu, həm Bosniya və Herseqovinada, həm də digər ölkələrdə məlumat əldə etməyin əsas yoludur. Məhz buna görə də fərqli baxışlara malik ailələr belə, birgə müzakirələrdə iştirak etməlidirlər”, – M.Kaloper vurğulayıb.

Chosen
80
teleqraf.com

1Sources