EN

Türk Dövlətləri Təşkilatı XXI əsrin geosiyasi güc mərkəzlərindən birinə çevrilməkdədir – Mahir Süleymanlı

Oktyabrın 7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Türk dövlətlərinin yeni geosiyasi istiqamətlərini müəyyən edən və strateji əhəmiyyət daşıyan mühüm mərhələ kimi tarixə düşüb. Prezident İlham Əliyevin bu mötəbər tədbirdə çıxışı Türk dünyasının gələcək inteqrasiyasının əsas konturlarını və əməkdaşlığın prioritet istiqamətlərini nümayiş etdirir.

Ölkəmizin ev sahibliyi etdiyi bu Zirvə görüşü regionda sabitlik, əməkdaşlıq və dayanıqlı inkişaf istiqamətində atılan məqsədyönlü addımların davamı olub. Qəbələnin həmin tədbir üçün məkan olaraq seçilməsi təsadüfi deyil, şəhərin zəngin tarixi irsi, mədəni dəyərləri və strateji mövqeyi türk dövlətləri arasında formalaşan həmrəyliyin bariz nümunəsinə çevrilib.

Türk Dövlətləri Təşkilatı əməkdaşlıq platforması olmaqla, qlobal səviyyədə siyasi və iqtisadi təsir gücünə malik aktora çevrilməkdədir. Təşkilat üzv dövlətlərin geostrateji mövqeyi, iqtisadi potensialı, təbii resursları və artan hərbi-texniki imkanları sayəsində beynəlxalq münasibətlər sistemində önəmli faktor statusu qazanıb. Bu reallıq TDT-nin institusional quruluşunun möhkəmləndirilməsi zərurətini də ortaya qoyur. Prezident İlham Əliyevin TDT Katibliyinin fəaliyyətinə dəstək məqsədilə 2 milyon ABŞ dolları məbləğində ianə ayırması Azərbaycanın təşkilatın dayanıqlı inkişafına verdiyi əməli töhfənin göstəricisidir. Bununla da dövlətimiz TDT-nin güclənməsini, qərar qəbul etmə mexanizmlərinin təkmilləşməsini və ortaq strategiyaların həyata keçirilməsini prioritet istiqamət kimi önə çəkir.

Zirvənin mövzusu olan “Regional sülh və təhlükəsizlik” məsələsi Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutub. Müasir dövrdə beynəlxalq hüququn prinsiplərinin pozulduğu, qarşıdurmaların artdığı bir şəraitdə türk dövlətləri öz təhlükəsizlik sistemlərini qarşılıqlı etimad və birgə müdafiə mexanizmləri üzərində qurublar. Azərbaycanın son illərdə Türkiyə ilə keçirdiyi çoxsaylı birgə hərbi təlimlər, həmçinin perspektivdə TDT çərçivəsində ortaq hərbi manevrlərin keçirilməsi təşəbbüsü bu istiqamətdə praktiki addımların atıldığını sübut edir. Təhlükəsizlik olmadan siyasi-iqtisadi sabitlik mümkün deyil. Məhz buna görə də TDT-nin gələcək strateji gündəliyində müdafiə və təhlükəsizlik sahəsində koordinasiya xüsusi yer tutur. Bu məsələlər, həmçinin Azərbaycanın sülh gündəliyinin əsas prinsipləri ilə uzlaşır. Zirvə görüşündə Prezident İlham Əliyev çıxışında qeyd edib ki, bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir: “2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir”.

Prezident İlham Əliyev çıxışında Qarabağ məsələsinə də toxunaraq, Vaşinqtonda paraflanmış sülh sazişinin Cənubi Qafqazı sülh məkanına çevirəcəyini qeyd edib. Bu yanaşma Azərbaycan diplomatiyasının uzunmüddətli strategiyasına əsaslanır, sabitlik və əməkdaşlıq regionda qarşılıqlı maraqlara xidmət edir. İşğaldan azad edilmiş ərazilərin bərpası həm humanitar, həm iqtisadi, həm də siyasi məna daşıyır. Qardaş ölkələrin bu ərazilərdə məktəb, məscid və sosial obyektlərin tikintisində iştirakı isə Türk birliyinin praktiki həmrəyliyinin bariz nümunəsidir.

Dövlətimizin başçısı, həmçinin çıxışında Orta Dəhliz və Şimal–Cənub marşrutlarının strateji əhəmiyyətini vurğulayıb. Azərbaycan bu nəqliyyat arteriyalarında əsas tranzit mərkəzi kimi çıxış edir və regionlararası iqtisadi əlaqələrin mühüm hissəsini təşkil edir. 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımaların 90 faiz artması göstərir ki, TDT üzv ölkələri arasında iqtisadi inteqrasiya real nəticələr verir. Bu artım həm də daşınma müddətlərinin azaldılması, logistik sistemin müasirləşdirilməsi və infrastrukturun yenilənməsi ilə əlaqədardır.

Azərbaycanın enerji sahəsində qazandığı nailiyyətlər TDT məkanında etibarlı enerji təchizatçısı statusunu daha da möhkəmləndirir. Dövlətimiz hazırda 14 ölkəyə təbii qaz ixrac edir və bu göstərici növbəti illərdə daha da genişlənəcək. Bununla yanaşı, ölkə bərpaolunan enerji sahəsində də ciddi dönüş mərhələsinə qədəm qoyub. 2030-cu ilə qədər elektrik enerjisi istehsalının 40 faizi alternativ mənbələrdən təmin ediləcək. Bu yanaşma Türk dünyasında ekoloji dayanıqlığın və yaşıl iqtisadiyyatın təşviqinə mühüm töhfə verir. Həmçinin, TDT ölkələri arasında qarşılıqlı investisiyaların həcmi sürətlə artmaqdadır. Bu amillər Türk dövlətləri arasında iqtisadi həmrəyliyin dərinləşdiyini göstərən mühüm göstəricidir. Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib: “Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub. Bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayədir. Bununla bərabər, Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək”.

Prezident İlham Əliyev Türk dünyasının birliyini yalnız siyasi və iqtisadi maraqlarda deyil, həm də ortaq tarixi və mədəni köklərdə görür. Onun 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin TDT çərçivəsində təntənəli şəkildə qeyd olunması təklifi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Həmin təşəbbüs türk xalqlarının ortaq yaddaşının qorunması, dil və mədəniyyətin gələcək nəsillərə ötürülməsi, eyni zamanda təhsil və humanitar əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilə bilər.

Nəticə etibarilə, Qəbələ Zirvəsi Türk dövlətlərinin birliyini ideyadan strateji reallığa çevirən yeni siyasi mərhələni təsdiqləyib. Prezident İlham Əliyevin çıxışı isə bu birliyin istiqamətini, gücünü və gələcəyini müəyyən edən əsas yol xəritəsi kimi mühüm önəm kəsb edir.

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Chosen
9
3
7times.az

4Sources