EN

TRIPP qlobal logistika zəncirinin önəmli halqasıdır

ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

TDT-nin Qəbələ sammiti bu gerçəyi də gündəmə gətirdi

Əslində, 2025-ci ilin 8 avqustunda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanmış Birgə Bəyannamə Cənubi Qafqaz regionunun geoiqtisadi mənzərəsini dəyişə biləcək strateji yeniliyi gündəmə gətirmiş oldu. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan yeni layihə Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirməklə yanaşı, Orta Dəhlizin mühüm seqmentinə çevrilmək potensialına malikdir. Bu vacib məsələ Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələ şəhərində keçirilən XII Zirvə görüşündə də diqqətə alındı.

Azərbaycan Prezidenti İlham Əliyev dünən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışında Vaşinqton sammitinin önəmli nəticələrindən biri kimi Zəngəzur dəhlizinin – TRIPP marşrutunun açılmasını xüsusi qeyd etdi. Azərbaycan lideri Zəngəzur dəhlizinin həm Orta Dəhliz, həm də Şimal–Cənub marşrutu çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb etdiyini və bu xəttin işə düşməsinin bütün tərəflərin maraqlarına cavab verəcəyini bildirdi.

Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlərin qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxardığını vurğulayan dövlət başçısı qeyd etdi ki, Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Təkcə Azərbaycan üçün deyil, bölgə ölkələri, hətta Avropa üçün xüsusi əhəmiyyət daşıyan və reallaşmasına ABŞ kimi supergücün qol çırmadığı TRIPP layihəsinin TDT üzvlərinin də maraq dairəsinə düşdüyü şübhəsizdir. Bəli, regionun dayanıqlı inkişafına xidmət edəcək transmilli layihələrin gerçəkləşməsi tərəflər arasında əməkdaşlığın daha məzmunlu və uzunmüddətli xarakter almasına rəvac verəcək. Bu zaman iqtisadi potensialın güclənməsi ilə yanaşı, TDT-yə üzv ölkələr arasında qarşılıqlı investisiyaları təşviq edəcək, ticarət əlaqələrinə yeni nəfəs verəcək.

***

Prezident İlham Əliyevin TRIPP-lə bağlı səsləndirdiyi fikirləri TDT Xarici İşlər Nazirləri Şurasının toplantısında Azərbaycan XİN-in başçısı Ceyhun Bayramov tərəfindən davam etdirildi deyə bilərik. Nazir çıxışında bildirdi ki, TDT-yə üzv dövlətlər coğrafi baxımdan təbii nəqliyyat, logistika, tranzit xəttlərini təşkil edərək, Avropa və Asiya qitələri arasında körpü rolunu oynayır. Təşkilatın bu istiqamət üzrə nəhəng imkanlara malik olduğuna diqqət çəkən C.Bayramov, eyni zamanda, TRIPP-i həm də Orta Dəhlizin ayrılmaz parçası, qlobal təchizat zəncirinin mühüm halqası kimi səciyyələndirdi: “Vaşinqton Zirvə görüşü çərçivəsində Zəngəzur dəhlizi (TRIPP) vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişi təmin edəcək TRIPP marşrutunun bəyan edilməsi regionumuzda bağlantıların şaxələndirilməsi baxımından mühüm addımdır”.

Bundan başqa, ortaq dil, tarix və ənənələrə söykənən, Naxçıvan müqaviləsi ilə təməli qoyulan Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi, iqtisadi və mədəni istiqamətlər daxilində 35-dən çox sahədə əməkdaşlığın inkişaf etdirildiyini ayrıca qeyd edən Azərbaycan xarici işlər nazirinin sözlərinə görə, beynəlxalq qurumlara inamın sarsıldığı dövrdə TDT üzvləri arasında qardaşlıq və qarşılıqlı etimad əsasında qurulan əməkdaşlıq əlaqələrinin dinamikası təkcə qürur mənbəyi deyil, gələcəyə ümidlə baxmağa möhkəm əsasdır: “Bu gün təşkilatımızın daha da gücləndirilməsi üçün üzv dövlətlərin təkliflərini dinləyəcəyik. Prezident İlham Əliyevin təşəbbüsü ilə TDT-nin illik Zirvə görüşlərinin sayının ikiyə çatdırılması əməkdaşlıq imkanlarımızın çevik, dərin və ətraflı müzakirəsi üçün fürsət yaradıb”.

TDT-nin Qəbələ sammitində çıxışların əsas leytmotivi mövcud qlobal və regional təhlükəsizlik çağırışlarının qarşısında Türk dünyasının hərtərəfli siyasi koordinasiya və həmrəylik nümayiş etdirməsinin vacibliyi idi. C.Bayramovun çıxışında qeyd etdiyi kimi, formalaşmaqda olan yeni beynəlxalq təhlükəsizlik arxitekturasında TDT gücü birliyin rəmzi kimi daha mühüm rol oynamaq potensialına malikdir.

Qəbələdə yüksək tribunadan səslənən fikirlərdə ən əsas vurğu, təbii ki, sülh idi. Həqiqətən də ölkəmizin onilliklər boyu “nə hərb, nə də sülh” vəziyyətində olduğu Ermənistan ilə normallaşma prosesi istiqamətində atdığı konkret addımlar, göstərdiyi ardıcıl səylər regionumuzda sülh və sabitliyin bərqərar edilməsinə hesablanıb. İndi bu faydalı fəaliyyətin bəhrəsinin göründüyü dövr başlamalıdır.

Yenidən TRIPP layihəsinin reallaşması məsələsinə qayıdaraq onu da qeyd edək ki, bu proje regionda siyasi dinamikanı dəyişmək gücünə malikdir. Tramp marşrutunun əməkdaşlıq üçün yeni platforma yaratdığı, bölgə dövlətlərinin qarşılıqlı maraqlar əsasında bir araya gəlməsini təşviq etdiyi birmənalıdır. TRIPP eyni zamanda, gələcəkdə enerji resurslarının daşınması, elektrik enerjisinin, xüsusilə də bərpaolunan enerjinin ixracı, o cümlədən fiber-optik xətlərin çəkilməsi üçün də geniş imkanlar təqdim edərək regionun beynəlxalq ticarət və rəqəmsal kommunikasiya habına çevrilməsinə təkan verə bilər. Azərbaycan bu marşrutun yaxın zamanlarda reallaşması üçün bütün səylərini səfərbər edib.

P.S. “TRIPP ABŞ-la Ermənistan arasında razılaşdırılmış biznes modeli kimi Ermənistan ərazisində fəaliyyət göstərəcək və onlarla kilometr müxtəlif infrastrukturdan ibarət olacaq”. Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı TRIPP marşrutunun həm regional, həm də qlobal əhəmiyyəti və təsiri olacağını söyləmişdi: “Beləliklə, avqustun 8-də Vaşinqtonda elan edilmiş TRIPP marşrutu əsasında Vaşinqton bəyannaməsinə uyğun olaraq, Ermənistan və Azərbaycan arasında dövlətdaxili, ikitərəfli və beynəlxalq daşımalar üçün kommunikasiyaların açılması dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında həyata keçiriləcək. Bu, Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan Respublikasının ərazisindən keçməklə maneəsiz əlaqəni əhatə edəcək və beynəlxalq və dövlətlərarası əlaqə üçün qarşılıqlı fayda verəcək”.

Tofiq ABBASOV,siyasi icmalçı

Bu gün insanların ən çox ehtiyac duyduğu aydınlıq və müəyyənlik vəziyyətidir. İnsanlar və ölkələr arasında kommunikasiyaların fəal işləməsi isə vacib amillərdən biridir. Əgər yollar açıqdırsa, deməli, ticarət, mübadilə, gediş-gəliş üçün imkanlar yaranır. Bu baxımdan, dəhlizlər, keçidlər, tranzit marşrutları ilə zəngin Avrasiya məkanına kənar qüvvələr müdaxilələr etməyə, həmin nəqliyyat qovşaqlarının açarlarını ələ keçirməyə çalışırlar. Türk Dövlətləri Təşkilatı özlüyündə olduqca böyük arealı əhatə edir, strateji nöqtələri birləşdirir. Bu Türk coğrafiyasında siyasi elitanın, dövlət rəhbərlərinin həmahəng fəaliyyəti çox vacibdir.

TRIPP çağdaş dövrün tələbidir. Bu marşrut təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirməklə məhdudlaşmır. Məhz bu dəhliz vasitəsilə Bakı onlarla ölkənin gözləntilərinə cavab vermiş olacaq. Azərbaycan Prezidenti İlham Əliyev birmənalı şəkildə bəyan edib ki, biz bu prosesləri yalnız özümüz üçün nəzərdə tutmuruq. Yəni ölkəmizin istifadəyə hazır vəziyyətə gətirdiyi bütün kommunikasiyalar, enerji xətləri ilk növbədə TDT-nin mənafeyinə xidmət edir. Xüsusilə Orta Dəhliz bu gün əlahiddə əhəmiyyət kəsb edir. Çünki Şimal və Cənub arasındakı dəhlizlər müharibələr, risklər, təhlükələr ucbatından iflic vəziyyətinə düşüb. Ola bilsin ki, bu xətlərin bloklanmasında bəzi dövlətlərin destruktiv fəaliyyəti də olub. Biz belə təxribatçı fəaliyyətin insanlara hansı itkiləri, bədbəxtlikləri gətirə biləcəyini gözəl başa düşürük. Müharibədən qalib ayrılmış Azərbaycanın məqsədi hamıya fayda verəcək layihələrin tezliklə maneəsiz gerçəkləşməsidir.

Qəbələdə keçirilən 12-ci Zirvə görüşündə TDT artıq özünü güc mərkəzi kimi qələmə verir və bunun əsasları var. Eyni zamanda, təşkilat dünyaya önəmli çağırışlar edir ki, açıq siyasətə hazırıq, məramımız sağlam və səmimidir. Digər tərəfdən isə inteqrasiyaya hazırıq. Əgər inteqrasiya şaxələnərsə, sülhün də, təhlükəsizliyin də dayaqları möhkəmlənəcək.

İmran BƏDİRXANLIXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
xalqqazeti.az

2Sources