EN

Türk dünyasının strateji həmrəyliyi:Qəbələ Zirvəsi yeni mərhələnin başlanğıcıdır

"Türk dünyasının həmrəyliyini, siyasi və iqtisadi birliyini möhkəmləndirən əsas beynəlxalq platforma olan Türk Dövlətləri Təşkilatı (TDT) bu gün regional və qlobal səviyyədə diqqət mərkəzindədir. Qardaş ölkələrin dövlət başçılarının iştirakı ilə keçirilən XII Zirvə Toplantısı Azərbaycanın gözəl guşəsi – Qəbələdə baş tutaraq, türk birliyinin möhkəmlənməsi istiqamətində növbəti mühüm addıma çevrilib."

Bu firkirləri "İki sahil"ə açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirdi. 

Mehriban Vəliyeva qeyd etdi ki, bu Zirvə “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunmaqla, həm türk dövlətlərinin qarşılıqlı əməkdaşlığının prioritetlərini müəyyənləşdirir, həm də regionda strateji sabitliyin təmin olunmasına yeni impuls verir: "Türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyası baxımından mühüm hadisə sayılan Qəbələ Zirvəsi Azərbaycanın bu prosesdəki fəal və təşəbbüskar rolunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan son illərdə həm türk dünyasında, həm də beynəlxalq müstəvidə etibarlı tərəfdaş, sabitlik və əməkdaşlıq mərkəzinə çevrilib. Azərbaycanın ev sahibliyi ilə keçirilən bu toplantı həm də Türk Dövlətləri Təşkilatının regional geosiyasi arxitekturasında yeni bir mərhələnin əsasını qoyur. Qəbələdə qəbul olunacaq qərarlar və imzalanacaq sənədlər türk dünyasının gələcək onilliklərdə daha sıx koordinasiyalı fəaliyyətini təmin edəcək. Bu il Türk Dövlətləri Təşkilatının yaranmasından 16 il ötür. 2009-cu ildə Naxçıvanda əsası qoyulan bu platforma qısa müddət ərzində böyük inkişaf yolu keçib. Əgər ilk mərhələdə təşkilat üzv dövlətlər arasında mədəni və humanitar əməkdaşlıq formatında fəaliyyət göstərirdisə, bu gün TDT siyasi, iqtisadi, müdafiə və təhlükəsizlik məsələlərində birgə qərarların qəbul olunduğu strateji ittifaqa çevrilib. Qəbələ Zirvəsi isə bu 16 illik inkişaf yolunun məntiqi davamı və yeni mərhələsinin başlanğıcıdır."

Deputat bildirdi ki, təxminən 175 milyon əhalisi və 4,5 milyon kvadratkilometr ərazisi olan türk regionu mühüm iqtisadi potensiala malikdir: "2024-cü ildə üzv və müşahidəçi dövlətlərin ümumi ÜDM-i 2,1 trilyon dolları keçib, ticarət dövriyyəsi 1,1 trilyon dollara çatıb, TDT-nin üzvü olan dövlətlər arasında ticarət isə təxminən 850 milyard dollar təşkil edib. Bu, böyük iqtisadi, demoqrafik və geosiyasi potensialı əks etdirir. Təşkilatın üzvü olan dövlətlər enerji ehtiyatları ilə zəngindir və strateji nəqliyyat dəhlizləri onların üzərindən keçir. Bu platformada TDT-nin üzvü olan dövlətlər siyasət, iqtisadiyyat, nəqliyyat, müdafiə, təhlükəsizlik, mədəniyyət, təhsil, turizm və idman sahələrində əməkdaşlığı fəal şəkildə inkişaf etdirirlər. Bütün bunlar Türk Dövlətləri Təşkilatını qlobal siyasətdə mühüm oyunçuya çevirir. Müasir dövrdə beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər baş verir. Qlobal güc balansının yenidən formalaşdığı bir zamanda Türk Dövlətləri Təşkilatının fəaliyyəti regional sabitlik, iqtisadi inkişaf və təhlükəsizliyin təminində önəmli strateji alətə çevrilib. Türk dövlətlərinin siyasi həmrəyliyi, ortaq maraqlara əsaslanan qərarları və koordinasiyalı fəaliyyəti Cənubi Qafqazdan Orta Asiyaya, Xəzər hövzəsindən Avropaya qədər uzanan geniş coğrafiyada sülh, enerji təhlükəsizliyi və nəqliyyat inteqrasiyasına ciddi töhfə verir."

M.Vəliyavanın sözlərinə görə, Qəbələ Zirvəsi həm də türk dövlətlərinin vahid mövqedən çıxış etmək əzmini nümayiş etdirir: "Bu, xüsusilə enerji daşıyıcılarının diversifikasiyası, “Orta Dəhliz”in genişləndirilməsi, nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsi və qarşılıqlı ticarətin artırılması baxımından böyük əhəmiyyət daşıyır. Bugünkü reallıqlar göstərir ki, Türk Dövlətləri Təşkilatı artıq təkcə mədəni-mənəvi birlik simvolu deyil, beynəlxalq iqtisadi sistemdə təsir gücünə malik siyasi və iqtisadi ittifaq modelinə çevrilməkdədir. Türk dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsi, birgə investisiya fondlarının yaradılması, enerji və logistika sahəsində strateji layihələrin həyata keçirilməsi Türk dünyasının qlobal iqtisadiyyatda yeni mərkəz kimi formalaşmasına zəmin yaradır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Zəngəzur dəhlizi”, Bakı–Tbilisi–Qars dəmir yolu, Transxəzər nəqliyyat dəhlizi kimi layihələr bu baxımdan Türk dünyasının birləşdirici strateji dayaqları hesab olunur. Türk Dövlətləri Təşkilatı bu gün təkcə ortaq dil və mədəniyyət üzərində qurulmuş bir əməkdaşlıq platforması deyil, həm də regional sabitliyin, iqtisadi inkişafın və təhlükəsizliyin mühüm təminatçısıdır.
Qəbələdə keçirilən Zirvə Toplantısı bu baxımdan türk dövlətlərinin siyasi iradəsini, birliyini və strateji düşüncəsini bir daha nümayiş etdirir. Bu Zirvə, türk birliyinin yalnız bu günün deyil, gələcəyin də güc mərkəzi olacağını təsdiqləyir. Azərbaycanın ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının XII Zirvəsi, türk dünyasının tarixində yeni bir mərhələ açır. Bu toplantı, ortaq tarixi, mədəni və mənəvi dəyərlər üzərində formalaşmış xalqların gələcəyə inamla baxdığını və birlikdə daha güclü, daha sabit region yaratmaq əzmində olduqlarını göstərir. Türk dünyasının birliyi – bu gün regional təhlükəsizliyin, iqtisadi inkişafın və beynəlxalq ədalətin mühüm dayaqlarından biridir. Qəbələ Zirvəsi isə bu birliyin siyasi reallığa çevrildiyini göstərən tarixi hadisə kimi yadda qalacaq."

Orxan Vahidoğlu, "İki sahil"

Chosen
41
ikisahil.az

1Sources