EN

ABŞ-da tibbi helikopter qəzası: 3 nəfər ağır yaralanıb

Ajans.az xəbər verir ki,bu barədə Associated Press məlumat yayıb. Hadisə yerli vaxtla saat 19:00 radələrində baş verib. Sakramento Yanğınsöndürmə İdarəsinin sözçüsü, kapitan Castin Silvianın verdiyi məlumata görə, helikopter bir xəstəni xəstəxanaya çatdırdıqdan sonra qayıdarkən havada fövqəladə vəziyyət yaranıb və hava gəmisinin magistral yolun üzərinə düşməsi ilə nəticələnib. Helikopterdə olan pilot, tibb bacısı və feldşer xəstəxanaya çatdırılıb. Həkimlərin sözlərinə görə, onların vəziyyəti ağırdır. Qəza zamanı yolda hərəkətdə olan avtomobillərin sürücüləri və sərnişinləri arasında xəsarət alan olmayıb. Kapitan Silvian, helikopterin magistral yolun tam ortasında yerə düşməsini və bu qədər az itki ilə nəticələnməsini "möcüzə" adlandırıb. Hadisə zamanı zərərçəkənlərdən biri vertolyotun altında qalıb. Yanğınsöndürənlərdən ibarət kiçik bir qrup onun həyatını xilas edərək təcili tibbi yardım briqadasına təhvil verib. Kaliforniya Yol Patrul İdarəsinin sözçüsü Mayk Karrillonun bildirdiyinə görə, qəza Interstate 50 avtomagistralının şərq istiqamətindəki hərəkət zolaqlarının müvəqqəti bağlanmasına səbəb olub. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

 

Chosen
72
Ajans.az

1Sources