ABŞ Prezidenti Donald Tramp ötən gün Norfolk Hərbi Dəniz Bazasında keçirilən mərasimdə xəbərdarlıq edib ki, İran nüvə proqramını bərpa edərsə, Vaşinqton ölkəni yenidən hədəfə alacaq. Trampın sözlərinə görə, “B-2 bombardmançıları mükəmməl dəqiqliklə bütün hədəfləri məhv edib və əməliyyatın müvəffəqiyyətini təmin etmək üçün sualtı qayıqdan 30 “Tomahavk” raketi də atılıb. Bu dəfə çox gözləməyəcəyik”.
İran tərəfi ABŞ-ın hədələrinə sərt reaksiya verib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəqayi ABŞ-ı “qanunları pozan” ölkə adlandırıb və Vaşinqtonla danışıqlar aparmaq fikrində olmadıqlarını vurğulayıb: “Bizim danışıqlar üçün heç bir planımız yoxdur”.
Bəqayi son mətbuat konfransında bir daha ABŞ və İsrailin İrana hücumuna toxunaraq dedi: “Bizim həmişə vurğuladığımız odur ki, MAQATE-nin hesabatı və sonradan 3 Avropa ölkəsi və ABŞ-ın həmin hesabatdan sui-istifadə edərək İdarə Heyətində qətnamə çıxarması sionist rejim və ABŞ-ın ondan sui-istifadə etməsi üçün bəhanə və məkan yaratdı. Baqai İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq haqqında Qahirə razılaşmasının artıq aktual olmadığını elan etməsindən bir gün sonra deyib ki, Tehranın "danışıqlar üçün heç bir planı yoxdur. Bu mərhələdə biz 3 Avropa ölkəsi və ABŞ üçün təsir və nəticələrin araşdırılmasına diqqət yetirmişik".
Bəqayi həmçinin Avropa ölkələrinin İranın ABŞ-la birbaşa danışıqlara getməsi şərtini İngiltərə, Fransa və Almaniyanın xarici və diplomatik siyasətlərinin “yetişməmiş” olmasının əlaməti kimi qiymətləndirib. Bəqayi həmçinin əlavə edib ki, hazırda Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərindən heç biri İranda yoxdur. O, İranın xarici işlər naziri Abbas Əraqçinin mövqeyini təkrarlayaraq, Misirin vasitəçiliyi ilə əldə edilən və İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı üçün əsas olması lazım olan Qahirə razılaşmasının artıq icra oluna bilməyəcəyini deyib.
Siyasi şərhçi Kamran məmmədli Musavat.com-a deyib ki, ABŞ-ın İran nüvə obyektlərinə yenidən “diş göstərməsi” illərdir davam edən dartışmanın son səhnəsidir: “Donald Tramp Norfolk Hərbi Dəniz Bazasında, B-2 bombardmançılarının hücumlarını və sualtı qayıqlardan buraxılan “Tomahavk” raketlərini xatırladarkən, mesaj açıq və sadədir. Tramp “bu dəfə gözləməyəcəyik” deyir. Yəni, hər dəfə eyni ssenarini təkrar etməkdənsə, indi tez və dəqiq hücum olacaqlarını vurğulayır. İranın reaksiyası isə gözlənildiyi qədər sərt və prinsipialdır. Vaşinqtonla danışıqlar nəzərdə tutulmayıb və ABŞ-ın qanunsuz əməlləri beynəlxalq ictimaiyyətə göstərilir. Bu, sadəcə diplomatik bir cavab deyil, bu, həm də mesajdır. Hərbi hədələriniz bizi qorxuda bilməz, amma ABŞ-ın qanunsuz fəaliyyətləri dünya üçün açıq kitabdır.
Burada diqqət çəkən məqam Trampın qətiyyətlə vurğuladığı “Bu dəfə çox gözləməyəcəyik” mesajı ilə İranın “danışıqlara hazır deyilik” mövqeyi arasındakı açıq ziddiyyətdir. ABŞ perspektivindən bu, təzyiq taktikasının davamıdır. Diplomatik və hərbi “qırmızı xətt”i İrana göstərirlər. İran perspektivindən isə bu, soyuqqanlı və strategiyalı bir cavabdır. Vaşinqtonun addımlarına təkbaşına meydan oxuyacaqlarını gizlətmirlər”.
Siyasi şərhçi deyib ki, ABŞ-ın İranı vuracağı ehtimalı mövcuddur, amma burada bir neçə amil nəzərə alınmalıdır: “Tramp hərbi potensialı xatırladır, amma faktiki hücum üçün beynəlxalq reaksiyaları və regiondakı strateji riskləri hesablamaq lazımdır. İranın “danışıqlara hazır deyil” bəyanatı onu göstərir ki, Tehranın cavabı yalnız sözlərlə bitməyəcək, amma eyni zamanda açıq hərbi konfliktə də dərhal girməyə hazır deyil. ABŞ-ın keçmişdəki uğurlu əməliyyatlarını xatırlatması, əsasən daxili siyasətdə güc nümayişi məqsədi daşıyır. Nəticədə, ABŞ-İran dialoqu bir daha göstərir ki, bu, sadəcə nüvə proqramı ilə bağlı deyil. Ümumilikdə regionda nüfuz, beynəlxalq hüquq və kim daha cəsarətlidir sualının cavabıdır. Trampın sözləri səs-küylü, amma İranın mövqeyi soyuqqanlıdır. Yəni həyəcan siqnalları verir, amma hərbi eskalasiya dərhal baş verəcək kimi görünmür.
Donald Trampın sərt açıqlamaları hərbi ritorika kimi səslənsə də, bu daha çox təzyiq və qorxutma siyasətidir. ABŞ real hücum qərarı verməmişdən öncə həm beynəlxalq dəstəyə, həm də daxili siyasi zərurətə baxacaq. Tehran açıq şəkildə bildirib ki, ABŞ-la danışıqlar aparmaq niyyətində deyil, amma eyni zamanda birbaşa müharibəyə də can atmır. İranın strategiyası daha çox beynəlxalq dəstək toplamaq və ABŞ-ın addımlarının qanunsuzluğunu ortaya qoymaqdır. Avropa ölkələri, Rusiya və Çin bu mərhələdə ABŞ-ın açıq hücumuna qarşı çıxacaqlar. Belə bir addım Yaxın Şərqdə tammiqyaslı müharibəni alovlandıra bilər. İndiki halda ən real ehtimal lokal zərbələrdir. Yəni ABŞ-ın müəyyən obyektləri hədəf alması mümkündür, amma böyük miqyaslı müharibə riskli görünür. Çünki bu, bütün regionu - İraq, Suriya, Fars körfəzini qarışdıra bilər”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com