BAKI, 5 oktyabr. TELEQRAF
İlon Maskın şirkəti xAI tərəfindən yaradılan “Grokipedia” adlı onlayn ensiklopediya iki həftə ərzində istifadəyə veriləcək.
Teleqraf xəbər verir ki, bu barədə milyarder “X” sosial şəbəkəsində paylaşım edib.
Maskın sözlərinə görə, layihə ilkin mərhələdə beta versiyada təqdim olunacaq və “Vikipediyadan xeyli üstün” olacaq. O qeyd edib ki, Grokipedia-nın məqsədi xAI-nın əsas missiyasına (“Kainatı anlamağa”) daha da yaxınlaşmaqdır.
İlon Mask yeni ensiklopediyanı açıq mənbəli bilik bazası kimi təsvir edib və bildirir ki, platforma istifadəyə heç bir məhdudiyyət qoymayacaq. Onun sözlərinə görə, Grok modeli məlumatların dəqiqliyini qiymətləndirə, yalan və natamam informasiyaları müəyyənləşdirə və mətnləri redaktə edərək kontekst əlavə edə biləcək.