EN

"Biz qonşu dövlətlərə münasibətdə həmişə dostluq siyasəti yürütməliyik” - Qüdrət Həsənquliyev

Moderator.az Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edir.
 
– Qüdrət bəy, İranda hicab geyinməməyə görə dövlət orqanları tərəfindən qadınların təqib olunmasına son qoyulması barədə xəbəri necə qarşıladınız?
 
– Bu, İranda yaşayan qadınların, o cümlədən İran dövlətinin böyük uğurudur. İranın Ali Dini Rəhbəri prezident Məsud Pezeşkianı dəstəkləsə təbii sərvətlərlə zəngin olan İran bütün sahələrdə ciddi uğur qazanacaq. Növbəti addım İranda yaşayan millətlərə öz dillərində təhsil almaq, mədəniyyətlərini inkişaf etdirmək imkanın verilməsi olmalıdır. Pezeşkian buna çalışır. O çalışır ki,İranda hüquqi dövlət qurulsun, cəmiyyətin inkişafı qarşısında ən böyük maneələrdən biri olan korrupsiyaya qarşı effektli mübarizə təşkil olunsun, demokratiya inkişaf etdirilsin, sanksiyalar aradan qaldırılsın. İranın Azərbaycana münasibəti də müsbətə doğru dəyişməkdədir. İran cəmiyyəti də bu dəyişiklikləri gözləyir. Artıq repressiyalarla dövləti idarə etmək hər keçən gün daha da çətinləşir. İranda əhalinin az qala yarısının türk olmasını nəzərə alıb, mən İranı həm də türk dövləti adlandırıram. İnanıram ki, İran nə vaxtsa Türk Dövlətləri Təşkilatının üzvü olacaq. Biz 3+3 formatında da İranla sıx əməkdaşlıq etməliyik.
 
– Gürcüstanda dinc inqilab cəhdinin iflasa uğramasını nə ilə əlaqələndirirsiniz?
 
– 1993-cü ildə hərbi qiyam yolu ilə devrilmiş AXC uzun müddət qəbul edə bilmirdi ki,bir siyasi qüvvə olaraq hakimiyyətə gələndən qısa bir müddət sonra, bütün gördüyü müsbət işlərə də rəğmən, xalqın dəstəyini itirmişdi. Gəncədə hərbi qiyam başlayanda, o zaman dövlət katibi olan Əli Kərimli az qala bütün icra başçılarına yalvarırdı ki, heç olmasa işçilərinizi Prezident Administrasiyanın qabağına göndərin. Amma ora 3-4 mindən artıq adam gəlmirdi. Xalq böyük dəyişikliklər üçün fədarkarlıq etməyə hazır deyildi. Eyni proses Gürcüstanda da təkrarlandı. Saakaşvili öz ölkəsi üçün çox müsbət işlər görsə də gürcü xalqı Rusiya ilə birlikdə olmağı seçdi, dövlətin gələcəyinə görə məsuliyyət daşımaq istəmədi və bu işi iqtidra ötürüb kənar çəkildi. Gürcü xalqının sosial inkişaf səviyyəsi indikindn artığına nail olmağa yetmir. Ona görə də seçiminə sadiqdi, taleyindən razıdı. Qərb isə tərəfdarlarını müdafiə etmək üçün rusiyayönümlü hakimiyyətə problem yarada biləcək qərarlar qəbul etmək gücündə deyil. Həmişə deyirəm, xalq ədalət istəyir, amma güclünün arxasınca gedir. Ona görə də hal-hazırda iqtisadiyyatı sürətlə böyüyən, güclü hakimiyyətə sahib Gürcüstanda qərbyönümlülərin uğur qazanması mümkünsüzdü. Seçkilər cəmiyyətdə baş vermiş dəyişiklikləri hüquqi müstəvidə rəsmiləşdirmək vasitəsidir. Gürcüstan cəmiyyətində isə belə bir dəyişiklik baş verməmişdi. Gürcüstanda kimin hakimiyyətdə olmasına baxmayaraq biz qonşu dövlətlərə münasibətdə həmişə dostluq siyasəti yürütməliyik.
Chosen
12
3
moderator.az

5Sources