Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-ın suallarını cavablandırıb.
Publika.az müsahibəni təqdim edir:
– Qüdrət bəy, İranda hicab geyinməməyə görə dövlət orqanları tərəfindən qadınların təqib olunmasına son qoyulması barədə xəbəri necə qarşıladınız?
– Bu, İranda yaşayan qadınların, o cümlədən İran dövlətinin böyük uğurudur. İranın Ali Dini Rəhbəri prezident Məsud Pezeşkianı dəstəkləsə, təbii sərvətlərlə zəngin olan İran bütün sahələrdə ciddi uğur qazanacaq. Növbəti addım İranda yaşayan millətlərə öz dillərində təhsil almaq, mədəniyyətlərini inkişaf etdirmək imkanının verilməsi olmalıdır. Pezeşkian buna çalışır. O çalışır ki, İranda hüquqi dövlət qurulsun, cəmiyyətin inkişafı qarşısında ən böyük maneələrdən biri olan korrupsiyaya qarşı effektli mübarizə təşkil olunsun, demokratiya inkişaf etdirilsin, sanksiyalar aradan qaldırılsın. İranın Azərbaycana münasibəti də müsbətə doğru dəyişməkdədir. İran cəmiyyəti də bu dəyişiklikləri gözləyir. Artıq repressiyalarla dövləti idarə etmək hər keçən gün daha da çətinləşir. İranda əhalinin az qala yarısının türk olmasını nəzərə alıb, mən İranı həm də türk dövləti adlandırıram. İnanıram ki, İran nə vaxtsa Türk Dövlətləri Təşkilatının üzvü olacaq. Biz 3+3 formatında da İranla sıx əməkdaşlıq etməliyik.