EN

"Əsrlərin şahidi Gəncə" adlı fotosərgi nümayiş olunur

Gəncədə şəhər icra hakimiyyətinin, Mədəniyyət Nazirliyinin,  Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, "Bakı Abadlıq Xidməti" MMC-nin, Azərbaycan Fotoqrafları Birliyinin (AFB) və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə "Əsrlərin şahidi Gəncə" adlı fotosərgi açılıb.

Filarmoniyanın Urban Mərkəzində təşkil olunan sərginin açılışında şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev, idarə, müəssisə, təşkilat rəhbərləri, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Niyazi Bayramov çıxış edərək diqqətə çatdırmışdır ki, şəhərin tarixində ilk dəfə olaraq Gəncə III MDB Oyunları kimi mötəbər tədbirə evsahibliyi edir: "Sentyabrın 28-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə həm oyunların, həm də Gəncə Şəhər Stadionunun möhtəşəm açılışı olmuşdur. Yarışlar öncəsi şəhərdə genişmiqyaslı abadlıq, quruculuq və bərpa işləri aparılmışdır ki, bu da sakinlərin və qonaqların rahatlığını təmin etmişdir". ŞİH-in başçısı əlavə etmişdir ki, Prezidentin tapşırığı ilə bu işlərin mühüm hissəsi sərginin təşkilatçılarından olan "Bakı Abadlıq" MMC tərəfindən həyata keçirilmişdir: "Sərgidə nümayiş olunan fotolarda da məhz son aylar Gəncədə görülən abadlıq işlərindən sonra dəyişən Gəncənin simasını görmək mümkündür".

Sonra söz iştirakçılara verilmişdir. Qeyd edilmişdir ki, sərgi şəhərin tarixi yaddaşına bir baxış, keçmişlə bu gün arasında bir körpüdür. Fotoqrafiya həm yaddaşdır, həm də tarixdir. Fotolarda Gəncənin keçmişini və bu gününü görməklə şəhərin necə dəyişdiyini hiss etmək mümkündür. Sərginin məqsədi şəhərin zəngin irsini və ilk azərbaycanlı fotoqrafların yaradıcılığını gələcək nəsillərə foto sənəti vasitəsilə ötürməkdir.  

"Gəncə tarixinin cizgiləri" adlı filmin nümayişindən sonra sərgiyə baxış keçirilmişdir. Qonaqlar Gəncənin müxtəlif dövrlərdə çəkilmiş fotoşəkilləri ilə tanış olmuşlar. Sərginin diqqətçəkən məqamlarından biri də Azərbaycanın ilk fotoqrafı, 1880-1910-cu illərdə Gəncədə fəaliyyət göstərmiş Məşədi Abbasəli Abbasovun yaradıcılığının təqdimatıdır. Onun XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid orijinal fotoları ilk dəfə geniş ictimaiyyətə təqdim olunur.

Sabir ƏLİYEV,

"Azərbaycan" 

1Sources