BAKI, 4 oktyabr. TELEQRAF.
ABŞ Prezidenti Donald Trampın planına əsasən israilli girovların 72 saat ərzində azad edilməsi mövcud şəraitdə mümkün deyil.
Teleqraf xəbər verir ki, bu barədə “Al Jazeera”ya açıqlamasında Fələstin hərəkatı HƏMAS-ın Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk bildirib.
“Girovların və cəsədlərin 72 saat ərzində təhvil verilməsi yalnız təklifdir və hazırkı şəraitdə həyata keçirilə bilməz”, - o qeyd edib.
Əbu Mərzuk həmçinin bildirib ki, Trampın planındakı məqamların icrası üçün daha çox dəqiqləşdirməyə və izaha ehtiyac var.
Qeyd edək ki, HƏMAS oktyabrın 3-də Trampın planı çərçivəsində bütün girovları azad etməyə hazır olduğunu bəyan etmişdi.