EN

ADAU-da Müəllimlər Günü münasibətilə tədbir keçirilib - FOTOLAR

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

"Unikal"
xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən ADAU-nun tədris işləri üzrə prorektoru Əhməd Məlikov müəllimləri peşə bayramı münasibətilə təbrik edərək, təhsil sahəsində göstərdikləri əvəzsiz xidmətlərə görə minnətdarlığını bildirib. O, müəllimlik peşəsinin cəmiyyət üçün böyük məsuliyyət daşıyan ali bir missiya olduğunu qeyd edib.

Daha sonra universitetin tələbəsi, Vətən müharibəsi qazisi Eşqin Bayramov və İctimai fənlər kafedrasının dosenti Sevda Abdullayeva çıxış edərək müəllimlərin gənc nəslin formalaşmasında müstəsna rolunu vurğulayıb və bütün müəllimləri səmimi qəlbdən təbrik ediblər.

Tədbir universitetin yaradıcı kollektivinin hazırladığı bədii proqramla davam edib. Tələbələr tərəfindən “Mehriban olaq!”, “Azərbaycanım” və “Müəllim” adlı musiqi nömrələri, həmçinin şeir və aforizmlər səsləndirilib. Bədii proqram çərçivəsində ADAU-nun rəqs qrupu “Uzundərə” və “Naz eləmə” rəqslərini təqdim edib. Aqrotexnologiya fakültəsinin Kimya kafedrasının dosenti Kamandar Daşdəmirov isə ifası ilə tədbirə xüsusi rəng qataraq müəllimləri bayram münasibətilə təbrik edib.

Sonda tədbirdə iştirak edən müəllimələrə qızıl gül hədiyyə edilib.

Chosen
56
50
unikal.az

10Sources