EN

Ölkəmizin gələcək hədəfləri dünyaya təqdim edildi

Prezident İlham Əliyevin hər xarici səfəri maraqlı, vacib tarixi hadisələrlə yadda qalır. Dövlətimizin başçısının Nyu Yorka işgüzar səfəri, BMT sessiyasında tarixi çıxışı, Azərbaycanın keçmişi, bu günü və gələcəyinə baxışları, ölkəmizin dünyada oynadığı rolu, müstəqilliyi necə əldə etdiyi və bugünkü qazanılan tarixi nailiyyətləri barədə fikirləri, habelə keçirdiyi vacib görüşləri mühüm əhəmiyyətə malikdir.

Milli Məclisin deputatı Vüqar İskəndərov qəzetimizə açıqlamasında bildirib ki, bu görüşlər ölkəmizin imicinin, nüfuzunun durmadan artdığını aydın şəkildə ortaya qoyur.

Deputat qeyd edib ki, Azərbaycana investisiya qoymaq istəyən şirkətlərin sayı çoxalır, ölkəmizə maraq gündən-günə artır: "Azərbaycan lideri keçirdiyi görüşlərdə  ölkəmizi şərəflə təmsil edir. Prezident İlham Əliyevin BMT-nin 80-ci sessiyasında yüksək tribunadan çıxışı və bu çıxışda çatdırılan mesajlar ölkəmizin bugünkü qüdrətini, Azərbaycanın yalnız regionda deyil, artıq dünya miqyasında, qlobal anlamda oynadığı rolu əks etdirir. Cənab İlham Əliyev nitqində Azərbaycan-Ermənistan arasındakı münaqişə dövrünü, torpaqlarımızın işğal altında olduğu illərdə baş verən hadisələri, tarixi abidələrimizdən tutmuş şəhər və kəndlərimizin, insanlarımızın terrora məruz qalmasını və Azərbaycanın öz gücü ilə həm tarixi ədaləti, həm də beynəlxalq hüququn norma və prinsiplərini bərpa etdiyini, postmüharibə dövründə iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bağlı atılan addımları, Vaşinqton görüşündə əldə olunan nəticələri diqqətə çatdırdı".

V.İskəndərov deyib ki, dövlət başçısı Azərbaycanın gələcək vizyonunda ölkəmizin gedəcəyi yolu və tutacağı mövqeyi dünya liderlərinə, ümumiyyətlə, beynəlxalq ictimaiyyətə nümayiş etdirib. Təbii olaraq belə nəticəyə gəlmək olur ki, ölkəmiz hərtərəfli inkişaf yolundadır. Azərbaycanın nüfuzu durmadan artır. Prezident İlham Əliyev bu gün yalnız bölgəmizdə deyil, dünya miqyasında nüfuzlu lider kimi Azərbaycanı ən yaxşı şəkildə təmsil edir. ABŞ-yə budəfəki səfər çərçivəsində də dünya dediklərimizin əyani şahidi oldu.

Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

1Sources