BAKI, 2 oktyabr. TELEQRAF
Fələstinin HƏMAS hərəkatı Berlində saxlanılan Almaniya və Livan vətəndaşları ilə hər hansı əlaqəni inkar edir.
Teleqraf xəbər verir ki, bu barədə hərəkatın Telegram kanalındakı bəyanatında qeyd olunub.
"Bizim bu gün Almaniyada saxlanılan şəxslərlə heç bir əlaqəmiz yoxdur. HƏMAS-ın fəaliyyəti həmişə yalnız İsrail işğalına qarşı mübarizə ilə məhdudlaşıb və məhdudlaşmağa davam edir", - bəyanatda deyilir.
Radikallar hesab edirlər ki, saxlanılanların hərəkatla əlaqələndirilməsi HƏMAS-ı gözdən salmaq məqsədi daşıyır.
Qeyd edək ki, Federal Baş Prokurorluğun məlumatına görə, bu gün Berlində HAMAS terror təşkilatına üzv olmaqda və dövlətə təhlükə yarada biləcək zorakılıq aktları planlaşdırmaqda ittiham olunan üç nəfər saxlanılıb.
Bildirilir ki, şübhəlilər HAMAS-ın tapşırığı ilə Almaniyada silah-sursat toplayıb, yəhudilərə və İsrail obyektlərinə hücumlar planlaşdırıblar.
Saxlanılanlar 36 yaşlı Livan əsilli alman vətəndaşı, 43 yaşlı Livan vətəndaşı və 44 yaşlı Suriyadan olan Almaniya vətəndaşıdır. Əməliyyat zamanı “Glock” markalı tapança, AK-47 tipli avtomat və bir neçə yüz patron aşkarlanıb.