Hazırda Suriyanın şimal-şərqində ölkə ərazisinin təxminən 30 faizə qədərinə nəzarət edən “Suriya Demokratik Qüvvələri” (SDQ) adlı hərbi-siyasi koalisiya Deyr əz-Zorun şərqində baş verən qarşıdurmadan sonra İŞİD liderini yaralı halda yaxaladığını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, “Suriya Demokratik Qüvvələri” (SDQ) adlı hərbi-siyasi koalisiya əlavə edib ki, özünü İraq Şam İslam Dövləti (İŞİD) adlandıran təşkilatın üzvləri Abriha qəsəbəsindəki bir təhlükəsizlik nəzarət nöqtəsinə motosiklet və pulemyotlarla hücum etməyə çalışıblar.
“Döyüşçülərimiz hücumun qarşısını uğurla dəf edərək bir terrorçunu yaraladı, digərlərini isə geri çəkilməyə məcbur etdi. Hadisədən sonra bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək üçün axtarış əməliyyatı başladılıb”, - deyə məlumatda bildirilir.
“Suriya Demokratik Qüvvələri” iki həftə əvvəl verdiyi açıqlamada bildirmişdi ki, İŞİD dekabr ayından bu yana Rojavada (Suriyadakı kürd bölgəsi) 153-dən çox hücum həyata keçirib.
İŞİD 2014-cü ildə İraq və Suriyada geniş əraziləri ələ keçirərək hər iki ölkəni əhatə edən saxta “xilafət” elan etmişdi.“Suriya Demokratik Qüvvələri” 2019-cu ildə Suriyada İŞİD-in məğlub edilməsində və minlərlə üzvünün tutulmasında əsas rol oynamışdı.
“Suriya Demokratik Qüvvələri” hazırda ABŞ rəhbərliyindəki Beynəlxalq Koalisiya çərçivəsində yüzlərlə ABŞ əsgəri ilə birlikdə Suriyada və Rojavada İŞİD-ə qarşı fəaliyyətini davam etdirir.