EN

Xəzər dənizində külək enerjisi layihələri üzrə işlər fərqli şirkətlərə təhkim edilib - Elnur Soltanov

Xəzər dənizində külək enerjisi istehsalı ilə bağlı müəyyənləşdirilmiş 5 zona üzrə işlər davam etdirilir. Demək olar ki, hər bir zona müxtəlif şirkətlərə təhkim edilib.

Day.Az xəbər verir ki bunu Trend-ə Azərbaycanın Energetika nazirinin müavini Elnur Soltanov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində özəl müsahibəsində bildirib.

Nazir müavini müsahibəsində hazırda bərpa olunan enerji sektorunda ölkə üzrə icra edilən layihələr, bu istiqamətdə hədəflər, Qarabağ və Şərqi Zəngəzurda "yaşıl enerji" istehsalı üzrə atılan addımlar, eləcə də bu kimi digər tədbirlərdən bəhs edib.

E. Soltanov əvvəlcə Xəzər dənizində külək enerjisi istehsalı üzrə görülən tədbirlərdən danışıb. O qeyd edib ki, hazırda Xəzər dənizində külək enerjisi üzrə 200 meqavatlıq pilot layihə haqqında daha ciddi işlər görülməkdədir: "Dənizdə külək enerjisi istehsalı çox mürəkkəb prosesdir. Hazırda bu istiqamətdə investorlarla danışıqlar aparırıq. 12 meqavatlıq turbinlərin qurulması, onların daşınması ciddi logistik məsələlərdir. Amma Xəzər dənizində müəyyənləşdirilmiş 5 zona üzrə işlər davam etdirilir. Demək olar ki, hər bir zona müxtəlif şirkətlərə təhkim edilib. Amma hər bir zonanın müəyyən ölçüdə potensial sifarişçisi var".

E. Soltanov sözügedən zonalarda icra edilən pilot layihə üzrə rəsmi tarif təklifi almadıqlarını vurğulayıb: "Amma tarif də danışıqların tərkib hissəsidir. Spesifik olaraq dənizdə 200 meqavatlıq layihə ilə bağlı daha konkret məsələlər bir neçə aya ictimaiyyətə açıqlanacaq".

Nazir müavini eyni zamanda vurğulayıb ki, Azərbaycanda indiyədək iqlim istiqamətində görülən addımlar birbaşa olaraq dövlətin təşviqi ilə həyata keçirilir: "Mingəçevirdə istilik elektrik stansiyasının modernizasiyası nəticəsində hazırda 100 milyon kubmetrlərlə ölçülən qaza qənaət edilməkdədir. Orada şərti yanacaq istehsalı 330 qram ətrafında idi. Hazırda isə bu rəqəm 220 qramadək enib. Bu çox ciddi göstəricidir. Onu da qeyd edim ki, Azərbaycanda 2027-ci ilə qədər bərpa olunan enerji gücünün 2 gigavata (2000 MW) çatdırılması planlaşdırılır. Bu, kifayət qədər böyük rəqəmdir. Çünki Azərbaycanda enerji sisteminin ümumi qoyuluş gücü 9 giqavatdır. Bunları üst-üstə qoyduqda təqribən 3 milyon ton karbondioksidin (CO2) atmosferə atılmasının qarşısı alınacaq. Hazırda Azərbaycanın illik ortalama emissiyalarının 60 milyon ton ekvivalenti həcmində qiymətləndirilir ki, bu da çox böyük rəqəmdir".

Nazir müvini bərpa olunan enerji sahəsində yeni layihələrə gəldikdə bunları bildirib: "Məlumdur ki, artıq 10 bərpa olunan enerji stansiyasının tikintisi prosesi başlayıb. Məsələn, Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti tərəfindən həyata keçirilən və ümumi gücü 240 meqavat olan "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının (KES) tikintisi yekunlaşmaq üzrədir. Artıq orada əldə edilən enerjinin sistemə qoşulması prosesinə başlanılıb.

Bundan başqa, bp, Çin şirkətləri ilə birgə bərpa olunan enerji sektorunda layihələrimiz həyata keçirilir. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə birgə Neftçala və Biləsuvarda 1 giqavatlıq günəş elektrik stansiyaları layihələr həyata keçirilir".

E. Soltanov Azərbaycanın azad edilmiş ərazilərində bərpa olunan enerji sahəsində görülən tədbirlərlə bağlı isə bunları qeyd edib: "Qarabağ və Şərqi Zəngəzurda yeni tikilən su elektrik stansiyalarının (SES) ümumi gücü 300 meqavatın üzərindədir. Bu stansiyalar sözügedən regiondakı elektrik enerji istehlakını qarşılamağa yetərlidir. Hətta əlavə qalan enerji digər regionlara da ötürülür.

Qarabağ və Şərqi Zəngəzurda yaxın illərdə hidro qaynaqlardan alınan enerji 500 meqavatın üzərində olacaq.Çünki "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyaları (SES) növbəti üç il ərzində tikiləcək".

E. Soltanov həmçinin, bankların bərpa olunan enerji sahəsində götürdüyü öhdəliklərlə bağlı da fikirlərini bölüşüb. Onun sözlərinə görə, Azərbaycandakı banklarla birgə iqlim dəyişikliyi və yaşıl layihələr üçün təqribən 2 milyard dollarlıq öhdəlik götürülüb: "Buraya həmçinin beynəlxalq maliyyə institutları vasitəsilə də cəlb edilən vəsaitlər daxildir. Çünki banklar öz vəsaitlərini həm daxili bazardan, həm də beynəlxalq maliyyə institutlarından cəlb edə bilirlər".

O, Azərbaycanda enerji səmərəliliyi layihələrinə dövlət tərəfindən maliyyə dəstəyindən də bəhs edib: "Enerji Effektivliyi Fondunun tələblərinin son versiyası üzərində iş gedir. Bu fond vasitəsilə biz artıq Azərbaycanda bir çox səmərəlilik layihələrinə təşviqlər verəcəyik. Yəni bazardan daha aşağı faizlərlə dəstək veriləcək. Bu istiqamətdə yaxın zamanlarda aktivlik hiss ediləcək".

Chosen
39
1
day.az

2Sources