EN

Yeddi körpənin ölüm işi: Xəstə sayı çox olanda direktordan tutmuş xadiməyə kimi hər kəsin maaşı artırdı

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə şahidlərin ifadələri ilə davam etdirilib.

Mərkəzin direktor müavini və baş həkimi vəzifəsində çalışmış Dilarə Şirinova şahid kimi ifadə verib. O, baş verən məlum hadisə barədə bunları deyib:

"Mən mərkəzdə 2001-ci ildən çalışıram. Sonra baş həkim təyin olundum. 2023-cü ilin aprel ayından müalicə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşam. 2021-ci ildə mərkəzdə icbari tibbi sığorta tətbiq olundu. Struktur dəyişikliyi oldu. Bölmələr yarandı, şöbələrin bəziləri ləğv edildi, bəziləri birləşdirildi".

Şahid bildirib ki, mərkəzdə ciddi tibb bacısı çatışmazlığı olub:

"Yanğın baş verən zaman 4 palataya 2 tibb bacısı nəzarət edirdi. Bu da tibb bacısının çatışmazlığını göstərirdi. Bununla bağlı mən mərkəzin direktoru Mehriban Abasquliyevaya şifahi şəkildə bildirmişəm. O, "çatdırmırıq" sözü xoşuma gəlmir, çatdırmalıdırlar", dedi. Kim iş çoxluğuna etiraz edirdisə, həmin işçiyə ağ vərəq göstərirdi".

Dilarə Şirinova bildirib ki, mərkəzin direktoru məzuniyyətdə olsa belə, işlə maraqlanırmış:

"Mehriban Abasquliyeva məzuniyyətdə ola-ola xəstə sayı ilə maraqlanır, kameralara nəzarət edirdi. Biz mərkəzə müraciət edən bütün xəstələri qəbul edirdik, onları geri qaytara bilmirdik. Mehriban Abasquliyeva deyirdi ki, necə edirsiniz edin, müraciət edənlər artsın, xəstə sayı çox olsun. Xəstə sayı çox olanda mərkəzin direktorundan tutmuş xadiməyə kimi hər kəsin maaşı artırdı".

Proses 8 oktyabrda davam etdiriləcək.

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzinin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
5
oxu.az

10Sources