EN

Fazil Mustafa: "Bu çıxış vasitəsilə Azərbaycan öz milli maraqlarını təkcə müdafiə etmədi, həm də onları dünyaya izah etdi, əsaslandırdı və qəbul etdirdi"

"Milli maraqları qorumağın yolu göstərildi- haqlı olmaq, prinsipial olmaq və bu həqiqətləri dünyaya doğru dildə çatdırmaq"

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa ölkə başçısı İlham Əliyevin BMT Baş Assambleyasında kı çıxışına münasibət bildirərkən bunları deyib:

"Müasir beynəlxalq münasibətlər sistemində hər dövlət öz səsini eşitdirmək və maraqlarını qorumaq üçün doğru tribunanı və doğru anı seçməyə çalışır. Azərbaycan üçün bu tribunanın ən mötəbəri Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasıdır.

Prezident İlham Əliyevin 25 sentyabr 2025‑ci il tarixli BMT Baş Assambleyasındakı çıxışı Azərbaycan üçün təkcə rəsmi nitq deyildi — bu, uzun illər davam edən ədalətsizliklər, işğal və humanitar faciələrdən sonra yeni strateji dövrün manifesti idi. O, bu kürsüdən ölkəsinin milli maraqlarını beynəlxalq hüquq prinsipləri çərçivəsində müdafiə edərək, suverenliyin, ərazi bütövlüyünün və sülhün təminatçısı kimi Azərbaycanın mövqeyini bir daha təsdiqlədi.

Bu çıxışda Azərbaycanın öz siyasətini hansı prinsiplərə əsasən qurduğu, hansı beynəlxalq normalara sadiq qaldığı və hansı hədəflərə doğru irəlilədiyi ön plana çəkilir.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində atılmış addımlar ümumbəşəri hüquq prinsipləri fonunda əsaslandırılır, beynəlxalq ictimaiyyətə bu məsələdə obyektiv və ədalətli mövqe sərgiləməyə çağırış edilir.

Çıxışda qeyd olundu ki, otuz illik işğalda Azərbaycan təqribən 20 faiz suveren ərazisinin əlindən alınması, etnik təmizləmə və ümumi insan hüquqlarının pozuntuları ilə üz-üzə qalması kimi ağır insanlıq dərsləri yaşadı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə baxmayaraq, işğal davam etdi və bu dünya səviyyəsində insan hüquqları və beynəlxalq hüququn norma və prinsiplərinin prioritetliyi məsələsində suallar doğurdu.

2020‑ci ildə Vətən Müharibəsi zamanı Azərbaycan, beynəlxalq hüququn 51‑ci maddəsi çərçivəsində özünümüdafiə hüququndan istifadə edərək ərazi bütövlüyünü bərpa etdi. Bu zəfər yalnız hərbi məqam deyildi, həm də beynəlxalq hüquq və ədalətin gec də olsa öz yolunu tapdığı bir dönəmin başlanğıcı oldu.

Müharibədən sonra Azərbaycan yalnız qalib kimi yox, sülh tərəfdarı dövlət kimi çıxış etdi. Beş əsas prinsip əsasında irəli sürülən sülh müqaviləsi layihəsi, Vaşinqtonda paraflanmış sənədlər və ATƏT‑in Minsk Qrupunun fəaliyyətinin bağlanması istiqamətində götürülən addımlar regionda yeni siyasi reallığın formalaşmasına xidmət edir.

Çıxışın başqa bir diqqətçəkən tərəfi Azərbaycanın enerji və iqtisadi diplomatiyada əldə etdiyi uğurlardır. Azərbaycanın beynəlxalq layihələrdə (Zəngəzur dəhlizi, Tramp Marşrutu kimi) və enerji əməkdaşlığında artan rolu, investisiya reytinqlərinin yüksəlməsi, eləcə də aldığı maliyyə, iqlimlə bağlı təşəbbüslər — bunlar milli maraqların yalnız hərbi və siyasi deyil, həm də iqtisadi dayanıqlılıq üzərindən qorunmasının göstəricisidir.

Prezident İlham Əliyevin 25 sentyabr 2025-ci il tarixində BMT Baş Assambleyasındakı çıxışı, müasir Azərbaycanın beynəlxalq müstəvidə formalaşdırdığı güclü və prinsipial mövqenin bəyanatı idi. Bu çıxış vasitəsilə Azərbaycan öz milli maraqlarını təkcə müdafiə etmədi, həm də onları dünyaya izah etdi, əsaslandırdı və qəbul etdirdi.

BMT tribunasından yayılan bu səs təkcə Azərbaycanın deyil, ədalət axtaran bütün xalqların səsidir. İlham Əliyevin çıxışı bir daha göstərdi ki, milli maraqları qorumağın ən güclü yolu – haqlı olmaq, prinsipial olmaq və bu həqiqətləri dünyaya doğru dildə çatdırmaqdır. Azərbaycan bu yolu seçdi və artıq bu yolda irəliləyən ölkə kimi deyil, yol göstərən lider kimi çıxış edir".

Chosen
7
1
turkustan.az

2Sources