EN

Muxtar Babayev: İqlim maliyyəsinin 1,2 trilyon dollara çatdırılması planlaşdırılır

BAKI, 29 sentyabr. TELEQRAF

“Bakı-Belem Yol Xəritəsi” üzərində iş aparılır və burada bütün mənbələrdən iqlim maliyyəsinin 1,2 trilyon dollara çatdırılması planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə COP29-un Prezidenti, Azərbaycan Respublikası Prezidentinin İqlim üzrə Nümayəndəsi Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW 2025) deyib.

O qeyd edib ki, Azərbaycab kiçik, lakin iddialı bir ölkə kimi COP29-un Bakıda keçirilməsi Azərbaycanın qlobal liderlik göstərə və nəticə əldə edə biləcəyini sübut edib:

“COP29 çərçivəsində 70 mindən çox iştirakçı və 80 dövlət başçısı Azərbaycana səfər edib. Bu tədbir regionun dünyaya tanıdılmasına, yeni nəsil danışıqlar aparan mütəxəssislərin hazırlanmasına, beynəlxalq tərəfdaşlıqların qurulmasına və Azərbaycanın mürəkkəb diplomatik prosesləri uğurla idarə edə bilən ölkə kimi reputasiyasının möhkəmlənməsinə imkan yaradıb.

Konfransın sonunda Azərbaycan dünyanın ən böyük çağırışlarına cavab verə biləcəyini nümayiş etdirib. Uzun müddət təxirə salınmış karbon bazarları ilə bağlı danışıqlar yekunlaşdırılıb, inkişaf etməkdə olan ölkələrdə iqlim layihələrinə trilyonlarla dollar vəsait yönləndirilməsi qərara alınıb. Bununla yanaşı, bir sıra maliyyə təşəbbüsləri elan olunub: Azərbaycan bank sektoru 1,2 milyard dollarlıq yaşıl layihələri maliyyələşdirib, Asiya İnkişaf Bankı buzlaqların əriməsi ilə bağlı problemlərin həllinə 3,5 milyard dollar ayırıb, çoxtərəfli inkişaf bankları isə 2030-cu ilə qədər hər il 170 milyard dollar maliyyə öhdəliyi götürüb. Eyni zamanda, “zərər və itkilər fondu” istifadəyə verilib.

Çətin danışıqların nəticəsi olaraq yeni “Bakı Maliyyə Məqsədi” qəbul edilib. Donor dövlətlər 2035-ci ildən etibarən hər il ən azı 300 milyard dollar iqlim maliyyəsi səfərbər etməyə razılaşıblar. Bu, BMT prosesi çərçivəsində qəbul edilmiş ən böyük hədəf hesab olunur”.

Onun sözlərinə görə, COP29 həmçinin sülh, enerji anbarları, şəbəkələr, dəhlizlər, hidrogen, rəqəmsallaşma, metan, şəhərlər, turizm və su kimi mövzular ətrafında yeni təşəbbüslərin başlamasına şərait yaradıb:

“Ticarət və investisiya, insan inkişafı, kənd təsərrüfatı və şəffaflıq istiqamətində uzunmüddətli təşəbbüslər də işə salınıb.

Hazırda COP29-un sədrliyi hələ də aktivdir. Azərbaycan BMT Baş Assambleyasında Baş katib Antonio Quterreşlə birlikdə donor ölkələrə öhdəliklərini xatırladıb, tərəfdaşlıqları gücləndirir və 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhər Forumuna hazırlıqları davam etdirir.

Natiq həmçinin COP29-un uğuruna töhfə verən bütün tərəflərə – prezidentin vizionu və dəstəyi ilə birlikdə çalışan hökumət qurumlarına, prosesə qoşulan bizneslərə, diqqəti əsas məsələlərə yönəldən vətəndaş cəmiyyəti nümayəndələrinə, Azərbaycan qonaqpərvərliyini nümayiş etdirən minlərlə könüllüyə və dəstək personalına minnətdarlığını bildirib”.

Chosen
40
teleqraf.com

1Sources