EN

“Namizdəliyimi irəli sürmürəm” – Xalid Mərdanov

“Rəqibi təhlil etmişdik. Zəif və güclü tərəflərini bilirdik. Həftəiçi məşqlərdə də onun üzərində işlədik. Sadəcə fərdi səhvlərdən qapımızda qollar gördük. İstədik ki, dönüş edək. Komandanın içində olan məğlubiyyət ruhunu qələbəyə dəyişək. Təəssüf olsun ki, alınmadı. Buna vaxt lazımdır. Qismət olsa, gələcək oyunlarda bunu aradan qaldırarıq”.

Msport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in müvəqqəti baş məşqçisi Xaliq Mərdanov deyib. O, Azərbaycan Premyer Liqasının 6-cı turunun “Turan Tovuz”la (3:0) oyunundan sonra mətbuat konfransında deyib.

– Komandanın Premyer Liqada qalmaq potensialı var? Sizə təklif olarsa, komandanı liqada saxlaya bilərsiz? Hər dəfə sizi təcili yardım kimi çağırırlar, bir oyunluq gəlirsiz…

– Əslində, potensialı var. Fərdi olaraq, keyfiyyətli oyunçularımız var. Sadəcə bunu komanda şəklinə çevirmək lazımdır. Zamana ehtiyac var. Yeni nəfəs lazımdır. Məşqçilərdən söhbət gedir. Özümdən danışmıram. Kimsə gələcək, komandada intizam yaradacaq. Gələcək oyunlarda komanda şəklində özlərini göstərə bilərlər.

– Əsas komandada olan qalibiyyətsizlik seriyası əvəzedici heyətdə də var. “Kəpəz”in əvəzedici heyətinin də cəmi bir xalı var. Bunun səbəbi nədir?

– Komandanın 95 faizi yenidir. Futbolçuların hamısı yenidir, gəncdirlər. U-16, U-17, U-19 komandalarından əvəzedici heyət formalaşdırmışıq. Digər klublara baxsaq, əsas komandadan əvəzedici heyətə 5-6 oyunçu göndərirlər. Biz sırf akademiyamızın öz oyunçularının potensiallarını üzə çıxararaq, əsas komandaya yetişdirmək istəyirik. Bu dəqiqə nəticə haqda fikirləşmirik. İstəyirik ki, yeni, gənc futbolçular üzə çıxaraq. Gəncə futbolunun keçmişdə olan əzəmətini qaytarmaq istəyirik.

– “Kəpəz”də artıq ənənə halını alıb ki, mövsümün əvvəli pis durumda olur, sonda liqada qalır. Bu dəfə nədən başladız?

– Bu dəqiqə uşaqlarda məğlubiyyət ruhu var. Özlərinə inam itib. İnamı geri qaytarmaq istəyirdik. Məşqlərdə də bunu bacarmışdıq. Fərdi səhvlər nəticəsində qapımızda qollar gördük. Komandada əhval-ruhiyyə normal idi. Futbolda belə hallar olur. Allah qoysa, kimsə gələr və gələcəkdə bunları aradan qaldırar.

– Komandanı neçə oyuna çıxaracaqsız?

– Hələlik mənə 1-2 oyun deyiblər. Bəlkə “Qarabağ”la matça kimsə gələr, yeni nəfəs gətirər. Onu deyə bilmərəm. Hər şey rəhbərlikdən asılıdır. Hazırda mənə tapşırıblar.

– Sizin namizədliyiniz irəli sürülüb?

– Düzü, heç bu haqda fikirləşmirəm. Heç namizədliyimi də irəli sürmürəm. Fikrim ancaq gənc futbolçuları yetişdirib, əsas komandaya verməkdir. Məqsədim budur.

Chosen
32
9
msport.az

10Sources