EN

Tokayev referendum keçirir və hakimiyyətdən gedir

ain.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazaxıstanda təklif edilən islahatlar prezidentin vəzifədən gedişinə hazırlıq kimi qiymətləndirilir

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin idarəetmə sistemini kökündən dəyişdirə biləcək konstitusiya islahatı təşəbbüsü ilə çıxış edib.

72 yaşlı prezident xalqı “radikal dəyişikliklərə” hazırlaşmağa çağırış edib.

Onun dediyinə görə, ölkənin siyasi sistemində ciddi dəyişiklik vəd edən referendumda Senatın ləğv edilməsi və vahid parlament yaradılması, deputatların isə partiya siyahıları ilə seçilməsi təklif olunur. Bəllidir ki, Qazaxıstan prezident respublikasıdır. Tokayev isə bundan əvvəl on ildən çox Senata rəhbərlik edib.

Məhz bu vəzifədə o, 2019-cu ildə Nursultan Nazarbayevin istefasından sonra prezident səlahiyyətlərini icra edirdi və daha sonra rəsmi olaraq Qazaxıstan prezidenti seçildi.

Son olaraq Tokayev 2022-ci ildə 7 illik müddətinə prezidenr seçilib, amma əsas qanun ardıcıl iki müddətdən artıq təkrar seçilməyi qadağan edir.

2022-ci il seçkiləri erkən keçirildiyi üçün Tokayevin səlahiyyət müddəti 2029-cu ildə başa çatır. Bu o deməkdir ki, hazırkı islahatları prezidentin son gedişinə hazırlıq kimi qiymətləndirmək olar. Formal olaraq, ona prezidentlik müddətinin limitini bərpa etməyə heç nə mane olmur, lakin ekspertlərə görə, Tokayev bu seçimi etməyəcək, hakimiyyətdən gedəcək.

Birpalatalı parlamentə keçid ideyası postsovet ölkələri üçün yeni deyil. Məsələn, Türkmənistan 2023-cü ildə belə bir islahat həyata keçirib. İslahatdan sonra Türkmənistan parlamenti sədrinin(sabiq prezident, indiki prezidentin atası) səlahiyyətləri xeyli genişləndirilib, demək olar ki, prezident səviyyəsinə çatıb.

Lenta. ru saytı Qazaxıstandakı proseslər mövzudakı təhlilində yazır ki, Tokayevin referendum dəyişikliyinin motivasiyası tam aydın deyil. Bir tərəfdən islahat parlamentin rolunu gücləndirə bilər. Digər tərəfdən, Senatın “müstəqil” qanunverici orqan kimi legitimliyi çoxdan pozulub. Qazaxıstanın “Orda” nəşri xəbər verir ki, yuxarı palata mövcud olduğu müddətdə ictimai qınaq obyekti olub. Qocalmış məmurların və aktiv karyeraları sona çatmaqda olan siyasətçilərin göndərildiyi “siyasi qocalar evinə” çevrilib. Bundan əlavə, Tokayevin haqlı olaraq qeyd etdiyi kimi, bir deputatın saxlanması Qazaxıstan xəzinəsinə ildə 195 milyon tenge baha başa gəlir. Senatın ləğvi büdcəyə ən azı 10 milyard tengeyə qənaət edə bilər.

Rusiyalı politoloq və qazaxıstanlı ekspert Roman Yunemanın fikrincə, Senatın ləğvi müxtəlif məqsədlərə xidmət edə bilər - “formal institutu” ləğv etməkdən tutmuş orada güclü mövqelərə malik olan regional elitanı zəiflətməyə qədər. “Senat öz maraqları üçün lobbiçilik edən yerli elitalar üçün platformadır. Digər amil etnikdir: Tokayev çox güman ki, Senata öz nümayəndələrini təyin edən Qazaxıstan Xalqları Assambleyasının təsirini neytrallaşdırmaq və cəmiyyəti monolit etmək istəyir”, - ekspert qeyd edib. Ekspert hesab edir ki, yenilənmiş parlamentin spikeri Tokayevin siyasi varisi və çox güman ki, gələcəkdə prezident postu tuta bilər. “Əgər Tokayev doğrudan da getmək niyyətindədirsə, bu sxem demək olar ki, ideal görünür...” -ekspert vurğulayıb.

Musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
3
icma.az

4Sources