EN

“Yaxşı baba...” - Elşən Musayevin yazısı

Dünənki günün beynimdə pərçimlənən ən böyük hadisəsi İlham Əliyevin Nilayla gəzintisi oldu...

Və yəqin, çoxlarının.

Bilmirəm, hələ özüm də açmasını məhz dəqiq bilmirəm ki, Prezidentin məsum körpə ilə əl-ələ gəzməsinin, ona nələrisə izah etməsinin, Nilayın balaca barmaqları ilə haranısa, xüsusi diqqətlə göstərməsinin içimdə yaratdığı hissin adı nədir.

Amma, hər nədirsə möhtəşəmdir, əsrarəngizdir, ülvidir, misilsizdir.

Çünki "Anım günü”nün, bundan gözəl tablosu, simvolikası, kuliminasiyası ola bilməzdi.

***

Nilay hələ uşaqdır.

Nilay üçün həmin əl tutumu hazırkı özünüdərk, an, yaş etibarilə elə sadəcə əl tutumudur.

Fəqət, illər sonra anlayacaq ki, o, əslində bu dünyanın ən böyük gücünün əlindən tutub.

Valideynlərinin və bütün şəhidlərin qisasını alan insanın əlindən tutub.

Azərbaycanın xilaskarının əlindən tutub.

***

İlham Əliyev 20 illik hakimiyyəti dövründə 200 illik iş gördü...

İlham Əliyev xəyallarımızdakı Şuşanı, artıq yuxulara belə gəlməkdən imtina edən Xankəndini bizə qovuşdurdu, məğlub ermənini, hətta məğlub halından belə xoşhal olmağa, bu məğlubiyyətin daha betərindən qurtulduğuna görə sevinməyə məcbur etdi!

İlham Əliyev xoşbəxtliyi çöhrəmizə, qələbəni ovcumuza yaxınlaşdırdı!

Eynən bir an içində;

Bütün planetin nəzərini Zəngəzura,

Mövzunun mahiyyətindən hali olmayanların diqqətini Xəzərə,

BMT tribunasını Gəncə memorialına,

Əlini məsum Nilayın əllərinə yaxınlaşdırdığı kimi...

***

"Yaxşı babadır”, "Düşündüyümdən daha hündürdür”, "Televizorda çox görmüşdüm”, "Sevdim onu...” – bu da Nilayın görüşdən sonra TV-lərdən birinə verdiyi qısa açıqlama zamanı söylədikləridir.

Elə ürəklə, elə şövqlə, şirin və özünəməxsus Gəncə ləhcəsi ilə elə gözəl danışırdı ki...

İnanın, mən, bütün tədbir boyunca sadəcə və sadəcə cənabla Nilayın gəzişməsinə, efirə getməyən söhbətləşməsinə, onların bərk-bərk sıxılan, bir - birinə sarılan əllərinə baxdım.

Baxdım və...Bir daha əmin oldum ki, hər iki valideynini itirən günahsız körpənin baba nəfəsinə, baba istisinə olan ehtiyacı nədirsə, necədirsə, nə qədərdirsə, bu millətin, bu dövlətin İlham Əliyevə duyduğu ehtiyac da eynidir, bənzərdir, həmindir!

Tanrı bizə o nəfəsi, o istini çox görməsin.

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Chosen
69
3
7news.az

4Sources