EN

Sağlam qidalanmaq istəyib, xəstəliyə düçar olanlar – Bu şəxslərin tövsiyəsini DİNLƏMƏYİN!

Son zamanlar sağlam qida ilə bağlı müzakirələr artıb. Müxtəlif xəstəliklərdən əziyyət çəkən və yaxud xəstələnmək istəməyən insanlar xüsusi qaydada qidalanmaq istəyirlər. Bunun üçün də kimlərinsə məsləhətinə ehtiyac duyurlar.

Təəssüf ki, belə həssas zamanda bəzi işbazlar ortaya çıxır.

Onlar kommersiya məqsədi ilə müxtəlif məhsulları reklam edirlər. Halbuki reklam olunan məhsul barədə həmin işbazların özlərində belə yetərincə məlumat olmur.

Bu al-ver kampaniyasına hətta “mütəxəssislər” də qoşulur. Məsələn, hazırda gündəmdə olan xeyli “qida mütəxəssisi” var. Onlar sifarişə uyğun olaraq bu və digər məhsullarla bağlı tövsiyələr verirlər.

Çox təəssüf ki, sağlam qidalanmaq istəyən bir çox insanlar da həmin işbazların və yaxud “mütəxəssislər”in təsirinə düşür. Bir müddət sonra isə sağlam qidalanmaq istəyən həmin insanlar sağlamlıqlarından olurlar.

Bəs kim sağlam qida barədə məsləhət verə bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim Aydın Əliyev deyir ki, qida sağlamlığı ilə yalnız həkim məşğul olmalıdır:

“Ən əsası isə hər həkim bunu edə bilməz. Məsələn mən radioloqam. Mən sağlam qidayla bağlı nə deyə bilərəm ki?! Ancaq mədə-bağırsaq həkimi, terapevt, qasterontoloqlar və təbii ki, həkim-diyetoloqlar sağlam qidalanma ilə bağlı tövsiyə verə bilərlər. İçi mən qarışıq digər sahənin həkimləri sağlam qidalanma ilə bağlı danışması doğru deyil. Digər sahənin həkimlərinin verdiyi tövsiyələrdə yanlışlıqlar ola bilər.

Çox təəssüf ki, bu gün sağlam qidalanma ilə bağlı nəinki həkimlər, hətta digər sahənin adamları da tövsiyə verirlər. Bu da təbii ki, doğru deyil. Çünki qidalanma insan sağlamlığı üçün vacib faktordur. İstənilən yanlış tövsiyə insan sağlamlığı üçün ciddi təhlükə yaradır”.

Müsahibimiz bu məsələ də insanlarda da günah görür:

“Sağlam qidalanmaq istəyən hər kəs ilk növbədə kimdən məsləhət almalı olduğunu bilməlidir. Məsləhət verən adamı sorğulamalıdır ki, sən hansı sahə üzrə həkimsən? Ümumiyyətlə, səhiyyə adamısan, ya yox? Bir daha deyirəm ki, ancaq mədə-bağırsaq həkimi, terapevt, qasterontoloqlar və təbii ki, həkim-diyetoloqlar sağlam qidalanma ilə bağlı tövsiyə verə bilərlər. Qalan heç kimin sağlam qidalanma ilə bağlı məsləhət verməyə hüququ yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media

Chosen
9
2
bizim.media

3Sources