EN

Düşmənə nifrətlə getdi, sevinclə döndü

44 günlük Vətən müharibəsinin iştirakçısı Muxtar Süleymanov əslən Şəmkirin Təzəkəndindəndir. Orta məktəbi bitirəndən sonra Milli Ordu sıralarında xidmət edib. Müharibə başlayanda 7-8 ay olardı ki, hərbi xidmətdən gəlmişdi, dörd ay idi indiki iş yeri "Şəmkir - Səbət" MMC-də nəzarətçi işləyirdi.

Muxtar sentyabrın 27-də eşidəndə ki, Ermənistan silahlı birləşmələrinin hücum və terrorunun qarşısını almaq üçün Azərbaycan Milli Ordusu cəbhəboyu hərəkətə keçib, özündə  rahatlıq tapa bilmədi. Atası, anası bu narahatlığın səbəbini  soruşanda ciddi görkəm aldı: "Mənim taylarım, hələ məndən də bir-iki yaş kiçiklər döyüşə gedirlər. İş yerimdə bilirlər, ərizə yazmışam, günü sabahdan könüllü olaraq mən də döyüşlərə yollanacağam".  Atası Nizaməddin bir söz deməsə də, anası Tamara xanımın "heç bir il yoxdur əsgərlikdən gəlibsən, yenə əsgərlik?" deməsindən bir az tutuldu. Amma fikri qəti idi.

Muxtar sentyabrın 29-da Gəncə şəhərindəki "N" saylı hərbi hissəyə göndərilir. Burada 10 günlük təlim-hazırlıq işlərindən sonra - oktyabrın 11-də döyüş bölgəsinə aparılır. Onun ilk ilk döyüş əməliyyatı Cəbrayılda olub. Söhbət zamanı dedi ki, oktyabrın 12-də Cəbrayılın düşməndən azad edilməsi əməliyyatına başlayıblar: "Qızğın döyüşlər gedirdi, ağlıma gətirə bilmədiyim hücum əməliyyatlarının iştirakçısı oldum, hər şey yuxu kimi görünürdü. Düşmən mövqelərinə doğru irəlilədikcə sevinirdik. Təəssüf ki, Cəbrayıl uğrunda gedən döyüşlər zamanı gədəbəyli döyüşçü yoldaşımız Nofəl Süleymanov namərd erməni gülləsinə tuş gəldi, ağır yaralandı, çox çalışsaq da, xilas edə bilmədik. Erməni vandallarına qarşı qəzəb hissimiz daha da artdı. Növbəti gün Cəbrayılın Balyan, Qacallı, Qoşulu, Qışlar, Süleymanlı, Əfəndilər, Qumlaq, Havıslı, Veysəlli kəndlərini keçib Dağ Tumas və Siric uğrunda gedən döyüşlərdə onlarca erməni terrorçusunu məhv etdik. Döyüşçü yoldaşlarımızın hər biri ayrılıqda Nofəlin intiqamını dəfələrlə alsa da, ürəyimiz soyumurdu. Cəbrayılda erməni silahlı birləşmələri darmadağın edildikdən sonra Qubadlıya doğru istiqamət götürdük. Qubadlının relyefi elədir ki, o yerləri tanımayanlar, həmin ərazilərə bələd olmayanlar üçün düşmənlə mübarizə aparmaq müəyyən qədər çətindir. Düzdür, komandirlər tərəfindən verilən tapşırıqlar zamanı bu çətinliklər o qədər  hiss edilmirdi, amma sıxıntımız olurdu, hücum zamanı təbii ləngimələr yaranırdı. Belə çətinliklərdən biri ilə növbəti dəfə Qubadlının Güləbir kəndi uğrunda gedən döyüşlərdə rastlaşdıq. Burada 12 gün mühasirədə qaldıq, lakin özümüzü itirmədik. Uğurlu kəşfiyyat tədbirləri sayəsində itki vermədən erməni faşistlərini axırıncı nəfərinə kimi məhv etdik, silah-sursatları, döyüş texnikalarını isə qənimət götürdük. Bundan sonra döyüş əzmi ilə Laçın istiqamətinə əmr aldıq. İlkin olaraq Laçının Sofiyan kəndini erməni işğalçılarından azad etmək üçün üç gün, üç gecə atışdıq, addım-addım irəlilədik. Erməni silahlılarının müqavimətinə rast gəldiyimiz ən ağır döyüşlərdən biri Aşağı Fərəcanlı kəndində oldu. Demək olar ki, sutka ərzində arası bir an belə kəsilməyən atəş səsləri, güllə və mərmilər dağlara, qayalara çırpılıb əks-səda verirdi. Döyüşlərin ikinci günü erməni silahlılarının axırına çıxdıq. İrəli getmək üçün dərin dərələrdən keçməli, sıldırım qayaları aşmalı olduq. Çətinlik həm də onda idi ki, düşmən biz tərəflərə dayanmadan mərmi yağdırırdı. Hücumun və döyüşün ən həlledici məqamı Böyuk Fərəcanlı kəndinə girəndə oldu. Bu kənddən sonra Laçın dəhlizi gəlirdi, erməni yaraqlıları bu dəhlizi heç cür təslim etmək istəmirdilər. Bu istiqamətdə gedən döyüşlərdə itki versək də, nəticə uğurlu alındı. Erməni quldurlarının çoxu məhv edildi, qalanları isə qaçıb canlarını qurtarmağa çalışdılar".

44  günlük Vətən müharibəsinin Zəfər qələbəsindən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə könüllü əsgər Muxtar Nizaməddin oğlu Süleymanov "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir. 

Rəhman SALMANLI,

 "Azərbaycan"

1Sources