Bakının sürətlə böyüyən əhalisi və artan nəqliyyat sıxlığı fonunda yeni metro xətlərinin çəkilməsi məsələsi yenidən gündəmə gəlib.
News24.az xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatları Bizim.Media-ya açıqlama veriblər.
Millət vəkili Razi Nurullayev bildirib ki, paytaxtın demək olar hər bir istiqamətində metroya ehtiyac var:
“İnsanların sıx hərəkət etdiyi yerlərdə metro xətləri mütləqdir ki, vətəndaşlar iş yerlərinə rahat çata bilsinlər. Mən bilirəm ki, 76 metro xəttinin çəkilməsi ilə bağlı proqram qəbul edilib. Bu proqram şəhərin əksər hissəsini əhatə edir. Sadəcə, 2030-cu ilə qədər 10 yeni stansiyanın tikintisi planlaşdırılır.
Ümid edirəm ki, neft gəlirlərindən əlavə büdcə ayrılacaq və metro xətləri genişləndiriləcək. Şəhərdəki dözülməz tıxacların yeganə həlli məhz metro şəbəkəsinin inkişafıdır. Mən həmçinin hesab edirəm ki, bir çox ölkələrdə olduğu kimi, bizdə də yerüstü metro xətləri qurula bilər və bu daha tez həyata keçirilə bilər”, - deyə deputat bildirib.
Digər millət vəkili Hikmət Babaoğlu isə Bakının nəqliyyat yükünü azaltmaq üçün konkret istiqamətlər üzrə metro xəttinin çəkilməsini təklif edib:
“Hər şeydən öncə Bakı-Sumqayıt istiqamətində yeraltı və yerüstü metro xətti inşa edilməlidir və bu, Bakı metropoliteninə inteqrasiya olunmalıdır. Bu, həm paytaxtdakı sıxlığı azaldar, həm də Sumqayıtdan gələn sərnişinlərin işini asanlaşdırar.
Digər vacib xətt Bakı-Mərdəkan istiqamətində ola bilər. Yolüstündə bir neçə əraziyə də xətt yönləndirmək mümkündür. Ən əsası isə hava limanı ilə şəhər mərkəzini birləşdirən metro xətti olmalıdır. Bu istiqamətlər üzrə işlər həyata keçirilsə, həm nəqliyyat sıxlığı azalacaq, həm də sərnişinlərin rahatlığı təmin olunacaq”, - deyə millət vəkili qeyd edib.
Deputatların fikrincə, Bakının nəqliyyat problemlərinin həllində metro şəbəkəsinin genişləndirilməsi əsas çıxış yollarından biri hesab olunur.