Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.
Oğurluq hansı situasiyada baş verməsindən asılı olmayaraq qəbahətdir. İstənilən halda naqislik və mənəviyyatsızlıq hesab olunmalıdır. Zira bu pis əməl məqamına görə bağışlanılması mümkün olan və olmayan kateqoriyalara bölünə bilər. Məsələn hər hansı səbəb üzündən ailəsi aclıqdan əziyyət çəkən biri xırmandan bir-iki günlük çörək tələbatını ödəyəcək qədər buğda oğurlayarsa onun çarəsizliyinə görə atdığı addımını bağışlamaq olar. Ancaq hər hansı imkansızlıq diqtəsi səpin üçün toxuma uzanan əl sahibinə heç cürə haqq qazandıra bilməz. Ata-babadan da belə el məsəli var “xırman üstə oğurluqdan keçmək olar, əkin üstə yox”. Sadə məntiqsə belədir ki, oğurlanan hər buğda dənəsi biçində neçə-neçə canlının ruzisidir.
Bu gün biz böyüklər uşaqların uşaqlığını oğurlayırıqsa, onların qayğısızlıq dönəmini sözün əsl mənasında burunlarından tökürüksə, bizi bağışlamaq olarmı?
8-10 yaşlı məktəbli çantasındakı yükə görə onurğa sütununda fəsad əmələ gəldiyini görməmək üçün gərək ki kor olasan. Məktəbdə 6-7 saatlıq dərsi bitən anda repetitor yanına qaçan şağird evinə faktiki olaraq saat 7-8 üçün çatır. Məktəbin və əlavə hazırlığın tapşırıqlarını yerinə yetirmək üçün 15 yaşlı uşaq gecə saat ikiyə qədər oxumalı və səhər tezdən oyanıb yenidən fiziki əzab dolu günə başlamalıdır. Uşaqlığını əlindən aldığımız bütöv bir nəsil yetişdiririk. Kim zəmanət verir ki, həmin o nəsil 25-30 yaşdan sonra zorla kompleksə yoluxdurulan xarakteri ilə cəmiyyətdən hansı formadasa qisas almayacaq.
Təhsil idarəçiləri bütün vəclə kurs, repetitor institutunu çiçəkləndirir. Təbii ki, öz maraqları naminə. Dərsliklər eybəcər halda lazımsız yüklə qəsdən yüklənir ki, məktəbli mütləq həmin cənabların kurs, əlavə hazırlıq biznesinə fayda versin. Uşaqlığı oğurlanan uşaqlar oynamaqdan, istirahət etməkdən, idmandan məhrum böyüyür. Fərqinə də varılmır ki, hər 10 məktəblidən beşi bezdiyi yaşam tərzinə görə intihar etmək barədə düşünür.
Cənab təhsil idarəçiləri! Bilavasitə cavabdehlik daşıyan cənab nazir!
Siz məktəblərin təmir-tikintisinə ayrılan vəsaitdən, təhcizatına yönələn puldan, cürbəcür əməlyatlarla şübhəli tender uduşlarından, mətbələrlə ciblərinizə yönəli anlaşmalarınızdan, qrant-layihə fırıldaqlarınızdan gəlir əldə edə, dövlətin büdcəsinə xor baxa bilərsiz. Amma əmin olun, gec ya tez bir gün haqq etdiyiniz cəzaya çatacaqsız. Bunu dövlət-xalq birliyi edəcək, ya da haqdan layiq olduğunuza qovuşacaqsız. Can sizin cəhənnəm tanrının. Amma gec də olsa uşaqlara yaşatdığınız cəhənnəm əzabını bir az yüngülləşdirin. Bəlkə haqqın dərgahında nəzərə alındı.
Müəllimi də qoyduq kənara. Qaydalarınıza görə müəllimin ancaq vəzifələri ola bilər. Hüquqları olsa-olsa dolaşıq söz yığınından ibarət bəndlərdir. Ortaya atdığınız sertifikasiya oyununu əsas gətirərək müəllimlərin böyük bir qisminin faktiki olaraq son beş ildə maaş artımı olmamışdır. Halbuki büdcə təşkilatlarında işləyən hər bir işçi rəsmi infilyasiya göstəricisinə uyğun hər il müəyyən məbləğdə maaş artımı ilə təmin olunmalıdır. Sizcə 2020-ci ildəki bazar qiymətləri ilə indiki reallığın arasında olan fərqi görmək üçün Kolumb olub, Amerika kəşf etmək lazımdır? Siz müəllimlərin böyük qismininə 20-ci ildən bəri hansısa maaş artımı tətbiq etmədiyinizi bəlkə gizlətdiyinizi zənn edirsiz.
Bütün sadalananlara görə susmaq olar. Amma gələcəyimiz olan bu günün məktəblisinə zülm etməyiniz bağışlanmayacaq.
Bərbad dərsliklərin sırasına yeni əlavə olunan vəsaitin timsalında nəzər yetirdiyimiz məqamlar maraqlı olar. Əminəm ki, faktiki dərs yükünə daxil edilən, VIII siniflər üçün Ortaq Türk Tarixi adlı dərs vəsaitini tövsiyə və təsdiq edənlər nəyə imza atdıqlarından xəbərləri belə yoxdur. Birincisi vəsait əslində dərslik statusndadır. Proqram məhz bu vəsaitə uyğun yazıldığından fənni tədris edən müəllim mütləq ondan dərslik kimi istifadəni məqbul sayacaq. Bəs gəlin görək bu əcaib-qəraiblik 8-ci sinif şagirdinin yaş psixologiyasının tələbləri nəzərə alınmaqlamı yazılıb? Qətiyyən yox! Vəsaitdə lazımsız faktiki yük səriştəsizcəsinə həddən ziyadə çox verilib. Ümumiyyətlə qarışıq, hətta mübahisəli tarixi məqamları 13-14 yaşlı uşağa yükləmək kimin ideyasıdır və nəyə xidmət ediri anlamaq çətindir.
Kanquy, Parkana,Kuşan, Jujan dövlətlərinin tarixini öyrənilməsini bir ilk kimi kim təklif etdiyini bilmirəm. Ancaq bildiyim bir həqiqət var ki, nə vaxtsa, bəlkə də yaxın gələcəkdə ziyanlı dərsliklərin təsdiq olunub şagirdlərin ixtiyarına verilməsinə görə məsuliyyət daşıyanların Azərbaycanda bir ilkə imza atılaraq məhkəmə mühakiməsi olacaq.
Pərviz Yəhyalı
Yazıçı, publisist
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.