EN

Oleq Baklov “Kəpəz”i hamıdan təhlükəli sayır: “Hələ cədvələ baxmağa dəyməz” MÜSAHİBƏ

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Hər şeyi düzgün etsək, uğur qazanmaq üçün böyük şansımız var”.

Bunu “Turan Tovuz”un tacikistanlı qapıçısı Oleq Baklov futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Söhbətə “Sabah”a uduzduğunuz (0:2) oyundan başlayaq. Həmin görüşdə məğlubiyyətin səbəbini nədə görürsünüz?

– Bəli, oyun bizim tərəfimizdən o qədər də keyfiyyətli alınmadı. Yəqin ki, 5 tur ərzində ən zəif oyunumuz idi. Fərdi və komanda şəklində taktiki səhvlər buraxdığımız üçün uduzduq. Amma fikrimcə, iki epizod var idi ki, orada hakimlər səhv qərar verdilər – bu da oyunun həlledici anları idi. Hakimlər o epizodlarda fərqli qərarlar versəydilər, nəticənin necə olacağını heç kim bilə bilməzdi. Artıq “Sabah”a məğlubiyyəti unutmuşuq, hazırlıqlarımıza davam edirik. Hər şey öz əlimizdədir. Azarkeşlərimizin qarşısında özümüzü yaxşı tərəfdən göstərməliyik. Onlar hər oyunda bizi dəstəkləyirlər.

– “Turan Tovuz” 5 turdan sonra 9 xal toplayaraq hazırda turnir cədvəlində 4-cü yerdə qərarlaşıb. Komandanızın bu mövsümdəki çıxışını necə qiymətləndirirsiniz?

– Cəmi 5 tur keçib, düşünürəm ki, hələ cədvələ baxmağa dəyməz. Çünki turnir cədvəli hələ yüz dəfə dəyişəcək. Oyundan-oyuna irəliləyirik, klub prezidentinin komandanın qarşısına qoyduğu vəzifə var. Odur ki, xalları mövsümün sonunda hesablayarıq. Amma bir psixoloji məqam da var: qələbələrdən sonra bərpa prosesi daha tez gedir və məşqlər daha asan keçir – bu, həmişə belə olub.

– Növbəti oyun “Kəpəz”ə qarşı olacaq. Bildiyiniz kimi, bu görüş Qərb derbisi sayılır. 5 turdan sonra xal qazanmayan “Kəpəz”lə matçda asan qələbə gözləyirsinizmi?

– Məncə, indiki məqamda ən təhlükəli rəqib məhz “Kəpəz”dir və ən çətin oyunumuz da onlara qarşı olacaq. Rəqibin necə futbol oynadığını, hansı üsluba üstünlük verdiyini bilmirəm, amma biz yalnız öz oyunumuz haqda düşünəcəyik. Hər şey bizim əlimizdədir!

– Azərbaycan çempionatı haqda fikirləriniz, ilkin təəssüratlarınız necədir? Liqanın səviyyəsi sizi qane edirmi?

– Düzünü desəm, müsbət mənada təəccübləndim. Bildiyim qədərilə, bu mövsümdən etibarən legioner limiti ləğv olunub və çempionata bir çox keyfiyyətli futbolçular gəlib, bu da ümumi səviyyəni artırıb. Əgər son ilimi keçirdiyim FNL (Rusiyanın I divizionu – red.) ilə müqayisə etsəm, Azərbaycan çempionatında oyunlar daha sürətli keçir, futbolçular fərdi baxımdan daha güclüdürlər və texniki ustalıq baxımından da səviyyə yüksəkdir. Buna görə də mənim uyğunlaşmağım üçün müəyyən vaxt lazım oldu. İndi deyə bilərəm ki, artıq liqaya alışmışam. Bir sözlə, Azərbaycan Premyer Liqası yaxşı çempionatdır. Düşünürəm ki, bu il avrokuboklar uğrunda maraqlı mübarizə gedəcək.

– Azərbaycan çempionatında oynamağınız Tacikistan millisindəki karyeranıza necə təsir edə bilər? Ölkəmizdə çıxış edə-edə yığmaya mütəmadi olaraq çağırılmaq perspektivinizi necə qiymətləndirirsiniz?

– Mənim vəzifəm çox sadədir: hər gün işləmək və daha yaxşı vəziyyətdə olmaq. Hər zaman oynamağa və komandaya kömək etməyə hazıram, amma necə olacağını bilmirəm. Həm klubda, həm də yığmada heyətlə bağlı qərarı məşqçilər korpusu verir.

– “Turan Tovuz”un ötən mövsüm avrokuboklara vəsiqə qazana bilməməsi azarkeşlər tərəfindən narazılıqla qarşılanmışdı. Sizcə, komanda bu mövsüm tovuzlu fanatların gözləntilərini tam doğrulda biləcəkmi?

– Təəssüf ki, keçən mövsümü izləməmişəm, komandanın necə oynadığını görməmişəm. Bilirəm ki, avrokuboklara düşmək üçün az bir şey çatmayıb. Amma indi gördüklərimə əsaslanaraq deyə bilərəm ki, hər şeyi düzgün etsək, uğur qazanmaq üçün böyük şansımız var – komandada laqeyd adam yoxdur. Bütün gücümüzlə oynayacağıq. Azarkeşlərimizə böyük təşəkkür düşür, onların dəstəyini hər oyunda hiss edirik.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
1
icma.az

2Sources