EN

Ölüm hallarının üçdə biri ürək damar xəstəlikləri ilə bağlıdır

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 26 sentyabr, AZƏRTAC

Beynəlxalq tibb kollektivi aşkar edib ki, son 30 ildə ürək və damar xəstəlikləri ilə bağlı illik ölüm sayı 46% artaraq 1990-cı ildəki 13,1 milyon nəfərdən son illərdə 19,2 milyon nəfərə çatıb. Nəticədə hazırda Yer üzündə baş verən hər üç ölüm halından birinin səbəbi ürək-damar xəstəlikləridir.

AZƏRTAC xəbər verir ki, bu barədə Amerika Kardiologiya Kollegiyasının (ACC) mətbuat xidməti məlumat yayıb.

“Biz aşkar etdik ki, ürək və damar xəstəliklərinin inkişaf tezliyindəki fərqləri yalnız zəngin və kasıb ölkələr arasındakı gəlir fərqləri ilə izah etmək mümkün deyil. Üstəlik, bu xəstəliklərdən ölüm səviyyəsi inkişaf etməkdə olan ölkələrdə də əhali arasında yaş fərqləri nəzərə alınmaqla belə, anormal dərəcədə yüksək qalır. Bu isə xəstəliklərin lokal xüsusiyyətlərini nəzərə alaraq tədbirlər hazırlamağın vacibliyini göstərir”, - deyə Sietl şəhərindəki Sağlamlıq İnstitutunun professoru Qreqori Rot bildirib.

Alimlər bu nəticəyə “Global Burden of Disease” (GBD) qlobal səhiyyə layihəsi çərçivəsində hazırlanan növbəti hesabat zamanı gəliblər. Layihəni 1990-cı ildən Ümumdünya Səhiyyə Təşkilatı, IHME və “Bill & Melinda Gates” Fondu aparır. Məqsəd qlobal səhiyyəyə təsir edən trendləri öyrənməkdir. Ürək-damar xəstəliklərinin və ölüm hallarının səviyyəsində dəyişiklikləri qiymətləndirmək üçün tədqiqatçılar BMT-yə üzv 204 ölkədə 375 geniş yayılmış kardioloji pozuntunun statistikasını analiz ediblər.

Analiz göstərib ki, GBD layihəsi çərçivəsində aparılan müşahidələr başlayandan bəri ürək-damar xəstəlikləri ilə bağlı ölüm sayı 13,1 milyondan 19,2 milyona yüksəlib və bu, illik ölüm hallarının təxminən üçdə birini təşkil edir. Artımda əsas rol oynayan amillər planet sakinlərinin sürətlə yaşlanması, bir çox inkişaf etməkdə olan ölkələrdə hipertoniya hallarının artması və zərərli qidaların geniş istehlakıdır.

Alimlər həmçinin bildiriblər ki, havanın çirklənməsi ölümcül ürək-damar xəstəliklərinin inkişaf tezliyinə əhəmiyyətli təsir göstərir. Xüsusilə də Okeaniya ölkələrində birbaşa və ya dolayı yolla təxminən 4 milyon ölüm halı bu amillə bağlıdır. Bundan başqa, onlar qeyd ediblər ki, təbii mühitin qurğuşun birləşmələri ilə çirklənməsi Orta Asiya və Şimali Afrika ölkələrində kardioloji pozuntuların artmasında mühüm rol oynayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
4
azertag.az

5Sources