EN

İsmail Cingöz: Ərdoğan-Tramp görüşü ABŞ-Türkiyə dialoqunu bərpa edə bilər

Görüş Ankaranın tələblərinin nəzərə alınması potensialını artırır

Türkiyə olmadan regional və qlobal nizam qurmaq mümkün deyil

ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 25 sentyabr 2025-ci ildə Vaşinqtonda görüşməyi planlaşdırırlar. Bu görüşün iki ölkə arasında uzun müddət müəyyən gərginliklərdən sonra dialoqun bərpası və bir sıra strateji mövzuların müzakirəsi baxımından əhəmiyyətli olması gözlənilir. İkitərəfli münasibətlərin inkişaf etdirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və müdafiə sahəsində əməkdaşlıq potensialı görüşün əsas mövzularındandır. Eyni zamanda regional və qlobal məsələlərin də diqqət mərkəzində olacağı bildirilir.

Beynəlxalq siyasət üzrə türkiyəli ekspert İsmail Cingöz Sherg.az-a açıqlamasında ABŞ-Türkiyə münasibətlərindən söz açıb:

"Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanı ABŞ Prezidenti Donald Tramp rəsmi olaraq dəvət edib. Onlar 25 sentyabr 2025-ci ildə ABŞ-nin paytaxtı Vaşinqtonda ikitərəfli görüş keçirəcəklər. Bu görüş önəmlidir, çünki rəsmi dəvət əsasında uzun müddət görüşməyən iki lider bir araya gələcək. Təmaslar zamanı iki ölkə arasındakı ticarət həcminin artırılması, F-35 və F-16 məsələləri ilə yanaşı, ABŞ-nin Türkiyəyə Boeing təyyarələrinin hədiyyə edilməsi ehtimalı da müzakirə olunacaq. Həmçinin  ABŞ ilə bağlı məsələlərin və regional inkişafların da qiymətləndiriləcəyi açıqlanıb.
Ümumiyyətlə Vaşinqton ilə Ankara arasında 2017-ci ildən başlayaraq 2021-ci ilə qədər gərgin bir dövr yaşanıb. Çünki Türkiyə hava müdafiə sistemlərini gücləndirmək məqsədilə ABŞ və digər NATO ölkələrindən ödəniş müqabilində hava müdafiə sistemi tələb edib. Hətta ABŞ-dan Patriot raketlərinin tədarükü üçün təşəbbüslər göstərib. Lakin həm ABŞ, həm də digər NATO ölkələri müttəfiq olmalarına baxmayaraq Türkiyənin tələblərinə müsbət cavab vermədilər". 

Ekspert bu proseslərin ardınca Türkiyənin hava müdafiəsindəki boşluqları aradan qaldırmaq üçün əvvəlcə Çinlə, sonra isə Rusiya ilə danışıqlar apararaq S-400 hava müdafiə sistemləri aldığını bildirib:
"ABŞ isə buna sərt reaksiya göstərərək NATO üçün təhlükəsizlik problemi yarana biləcəyi səbəbi ilə Türkiyəni F-35 proqramından birtərəfli olaraq çıxardı. Daha sonra “Rahib Branson” hadisəsi və ABŞ-nin Suriyada PKK/PYD-yə hərbi-siyasi dəstəyini Türkiyə kəskin şəkildə rədd etdi. Bu da gərginliyin başqa bir aspekti oldu. Nəticədə Türkiyə dəfələrlə ABŞ ilə qarşı-qarşıya gəldi. Bu müddət ərzində Türkiyə ABŞ-dan yeni F-16 döyüş təyyarələri tədarükü tələb etdi. Eyni zamanda, mövcud F-16 təyyarələrinin yenilənməsi üçün reviziya dəstlərinin təmin olunmasını istədi. Ancaq ABŞ KAATSA sanksiyaları çərçivəsində bu məsələlərə müsbət yanaşmadı. Bunun nəticəsində Türkiyə müdafiə sənayesini inkişaf etdirməyə yönəldi və Çelik Kubbe (Iron Dome-a bənzər müdafiə sistemi) kimi layihələrlə diqqət çəkdi. Bu vəziyyət ABŞ və qlobal aktorlarda Türkiyənin strateji əhəmiyyətinin yenidən gündəmə gəlməsinə səbəb oldu. Nəticədə Vaşinqton bu regionda Türkiyə olmadan bir nizam qurmağın mümkün olmadığını yenidən dərk etdi. Digər tərəfdən ABŞ ilə Avropa ölkələri arasında gərginliklər yaşandı. Hətta Tramp "Avropa ölkələrini NATO-dan çıxarın yoxsa, sizi də Rusiya qarşısında müdafiəsiz qoyaram” kimi mesajlar verdi. Bu da Avropanın Türkiyə ilə birgə müdafiə sistemi qurmaqdan başqa çarəsi olmadığını ortaya qoydu".

Analitik Türkiyənin həm şərq, həm qərb, həm də cənub-şimal istiqamətində dünyanın bir çox ölkələri ilə müdafiə, ticarət və diplomatiya əlaqələrini genişləndirməsinin, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanla əməkdaşlığın artmasının, ABŞ-nin yenidən Türkiyəyə yönəlməsinin əsas səbəbləri olduğunu qeyd edib:
"Bundan əlavə, Fələstin-Qəzza məsələsi, Türkiyənin İsrail ilə qarşıdurması və ABŞ-nin bu prosesdəki mövqeyi də görüşdə müzakirə ediləcək vacib mövzular arasındadır. Tramp İsrail Baş naziri Netanyahuya “Türkiyə ilə razılaşın, mən Ərdoğanla dostam, lazım gələrsə sizi bir araya gətirərəm” kimi açıqlamalar verərək, Türkiyəyə qarşı İsrailin ola biləcək hücumlarını önləyən strategiya ortaya qoydu. Ərdoğan-Tramp görüşündə ilk növbədə keçmişdə yaşanan gərginliklərin necə aradan qaldırıla biləcəyi müzakirə olunacaq. Türkiyə ilə ABŞ arasındakı ticarət həcminin artırılması, Boeing təyyarələrinin satışı, Türkiyənin F-35 proqramına yenidən daxil edilməsi, F-16 təyyarələrinin yenilənməsi və reviziya dəstələrinin təminatı kimi müdafiə sənayesi məsələləri gündəmə gələcək. Lakin bu məsələlərdə ABŞ prezidentinin qərarı nə qədər önəmli olsa da, son söz ABŞ Nümayəndələr Palatasının təsdiqinə bağlıdır. Prezidentin qərarı oradan keçməzsə, layihələr veto edilə bilər. Bu səbəbdən iki liderin bu mövzuları müzakirə etməsi zəruridir".

Müsahibimiz Orta Şərq, Cənubi Qafqaz, Xəzər bölgəsi, Qırmızı dəniz marşrutu, Avropa və Cənubi Sakit Okean bölgələrində Türkiyəsiz hər hansı bir nizam qurmağın mümkün olmadığını vurğulayıb:
 "Buna görə də ABŞ Trampın rəhbərliyi altında Türkiyə olmadan strateji plan hazırlaya bilməyəcəyini yenidən təsdiqləmiş olacaq. Bu görüş Türkiyənin tələblərinə daha çox cavab verilə biləcəyi potensialını daşıyır".
Chosen
3
26
sherg.az

10Sources