Binalarda ən çox istifadə olunan, eyni zamanda ən çox problem yaradan vasitələrdən biri liftlərdir. Xüsusilə də çoxmərtəbəli binalarda tez-tez liftlərin işləməməsi və ya yalnız birinin fəaliyyət göstərməsi sakinlərin narazılığına səbəb olur. Bəzən bu halı bina sakinlərinin işıqpulunu ödəməməsi ilə əlaqələndirirlər. Maraqlıdır, işıqpulunun ödənilməməsinə görə liftlərdən istifadəyə məhdudiyyət qoyula bilərmi? Ümumiyyətlə, belə vəziyyətdə işıqpulunu ödəyən sakinlər problemin aradan qaldırılması üçün hara müraciət edə bilərlər?Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Valyuta.az bildirdi ki, elektrik enerjisi, su və qaz təchizatı ilə bağlı xidmətlər təchizatçı müəssisələr ilə mənzilin sahibi arasında ikitərəfli müqavilə bağlanır və bu müqaviləyə əsasən xidmət göstərilir:“Bu müqavilə şərtlərinə əməl edilməməsinə görə digər tərəf qanunvericlikdə nəzərdə tutulmuş addımlar ata bilər. MTK və ya Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin isə həmin müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə, hər hansı tədbir görməyi qanunsuzdur. Başqa sözlə istehlakçılar qanunvericilikdə göstərilən hallarda təchizatçı müəssisənin əməkdaşlarının iştirakı olmadan kommunal xidmətləri əldə etməkdən məhrum oluna bilməzlər”.R.Əliyevin sözlərinə görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası ötən ay çoxmənzilli binalarda liftdən istifadəyə məhdudiyyət qoyulması ilə bağlı vahid məhkəmə təcrübəsi formalaşdıran qərar qəbul edib: “Həmin işdə cavabdeh MMC ilə bina sakinləri arasında xidmət müqaviləsi mövcud olub. Müqaviləyə görə, MMC sakinlərə kommunal xidmətlər göstərməyi və binanın idarə olunması ilə bağlı digər öhdəlikləri üzərinə götürüb. Şirkət liftdən istifadə üçün kart sistemi tətbiq edib. Bəzi sakinlər xidmət haqqını ödəmədiyinə görə MMC onların kartlarını deaktiv edib. Bunun qarşılığında sakinlər məhkəməyə müraciət edərək liftdən istifadənin məhdudlaşdırılmasının qanunsuz olduğunu iddia ediblər”.Hüquqşünas deyir ki, Ali Məhkəmənin qərarına görə, liftlər binanın ümumi paylı mülkiyyətidir, onlardan istifadəyə məhdudiyyət yalnız ya sakinlərin ümumi yığıncağının qərarı ilə, ya da tərəflərin müqaviləsində açıq şəkildə nəzərdə tutulduğu halda tətbiq oluna bilər: “Baxılan işdə nə müqavilədə, nə də ümumi yığıncağın qərarında belə bir əsas mövcud olmadığı üçün MMC-nin sakinlərin liftdən istifadəsini məhdudlaşdırması mülkiyyət hüququnun pozulması hesab edilib. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən isə sakinlərin bu müdaxilədən müdafiə hüquqları var”.