EN

Sanksiyaların tətbiqi İsrailin təcridinə səbəb ola bilər - RƏY

Qulamhüseyn Əlibəyli: "Hesabat Beynəlxalq Cinayət Məhkəməsində İsrail rəsmilərinin mühakiməsində sübuti əhəmiyyətə malik ola bilər"

BMT-nin İnsan Haqları Şurasının yaratdığı xüsusi komissiya İsrailin Qəzza zolağındakı hərəkətlərinə dair 72 səhifəlik hesabat dərc edib. Hesabatda İsrailin son 2 il ərzində Qəzzə zolağında “dörd soyqırım aktı törətdiyi” və soyqırımı törətməkdə məsuliyyət daşıdığı qeyd olunur. İsrail rəsmiləri isə hesabatı qeyri-dəqiq adlandıraraq təkzib ediblər. Ekspertlərin fikrincə, hesabat öz-özlüyündə soyqırımı cinayətinin hüquqi təsdiqi sayılmasa da, İsrail üçün həm siyasi, həm də hüquqi baxımdan çox ciddi nəticələr doğura bilər.

Politoloq Qulamhüseyn Əlibəyli Sherg.az-a  deyib ki, hər şeydən əvvəl, bu hesabat BMT-nin müvafiq strukturlarında soyqırımı cinayətinin rəsmi təsdiqi üçün əsas ola bilər. Onun sözlərinə görə, soyqırımı cinayəti haqqında Konvensiyaya uyğun olaraq Konvensiyanın üzvü olan digər dövlətlər BMT-nin müvafiq qurumlarına, o cümlədən Təhlükəsizlik Şurasına müraciət edərək soyqırımın qarşısının alınması və bu cinayəti törətməkdə təqsirli sayılan şəxslərin cəzalandırılması məsələsinin həllini tələb edə bilər: 

"Həmçinin, Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı iddia qaldırılması mümkündür. İsrailin törətdiyi soyqırımı cinayətlərinin araşdırılması və İsrail rəsmilərinin mühakimə edilib cəzalandırılması üçün xüsusi Beynəlxalq Tribunalın yaradılması məsələsinin  də gündəmə gətirilməsi hesaba alınmalıdır. Daha sonra bu hesabat Beynəlxalq Cinayət Məhkəməsində İsrail rəsmilərinin mühakiməsində sübuti əhəmiyyətə malik ola bilər. Məlumdur ki, BCM İsrail Baş nazirini və müdafiə nazirini soyqırımı cinayətində ittiham edərək onların həbsinə beynəlxalq order verib. Hesabat həmçinin ayrı-ayrı ölkələrin İsrailə qarşı diplomatik təzyiqinin gücləndirilməsinə və sanksiyaların tətbiqinə, son nəticədə İsrailin təcrid olunmasına səbəb ola bilər".

Analitik hesab edir ki, İsrail rəsmilərinin hesabatı qeyri-dəqiq adlandırması siyasi riyakarlığın nümunəsidir: 

"Qəzzada 50 mindən çox dinc sakinin yalnız etnik mənsubiyyətinə görə qətlə yetirilməsi, bölgənin blokadada saxlanılması, oraya humanitar yardımın buraxılmaması faktları hamıya məlumdur. BMT rəsmiləri bu barədə dəfələrlə bildiriblər. İndi isə bu faktlar BMT-nin İnsan Haqları Şurası kimi nüfuzlu bir qurumun yaratdığı xüsusi komissiya tərəfindən təsdiq olunur. Düzdür, İsrail beynəlxalq hüququ saymadığını dəfələrlə nümayiş etdirib, hətta BMT Baş katibinin İsrailə gəlməsinə qadağa qoyub. Lakin bu komissiyanın hesabatı beynəlxalq hüquq mexanizmlərinin gec-tez işə düşmək ehtimalını artırır. Heç kəsə sirr deyil ki, İsrail yəhudi lobbisinin daha mütəşəkkil və güclü olduğu ABŞ-yə və bir sıra digər dövlətlərə arxayındır. Həmin dövlətlər komissiyanın hesabatının sonrakı inkişafını bloklaya bilərlər. Lakin bütün hallarda, komissiyanın hesabatı İsrail və onun rəsmiləri üçün yaxşı heç nə vəd etmir".
Chosen
13
1
sherg.az

2Sources