"Ləzə kəndinə gələn palçıq axını nəticəsində hələlik heç bir evə ziyan dəyməyib"...
Bunu Oxu.Az-a açıqlamasında Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Aslanşah Abuyev deyib.
O qeyd edib ki, əsas narahatlıq həmin palçıq selinin evlər olan əraziyə axmasıdır:
"Bu gecə saat 2-3-ə kimi ərazidə olmuşuq. Həmin vaxt daha çox axın müşahidə olunub. Ərazidə aidiyyəti qurumların texnikaları var, mümkün qədər axının qarşısını kəsən hissələri açmağa çalışırıq ki, yığılıb qalmasın. Amma birbaşa palçığın içinə girib hansısa texnikanı işlətmək indiki halda mümkün deyil. Hazırda kəndə gələn yollar açıqdır, kəndə gəlməkdə heç bir problem yoxdur. Sel gələn çay kəndin içindən keçdiyi üçün palçığa görə kənd sanki iki hissəyə bölünüb, adamlar o taydan bu taya keçə bilmirlər".
A.Abuyev onu da diqqətə çatdırıb ki, bu hadisə Ləzə kəndində üçüncü dəfədir baş verir.
"Birinci dəfə 1993-cü ildə kəndə belə palçıq seli gəlmişdi. O zaman lap ağır vəziyyət yaranmışdı, hətta 3-4 nəfərin evini tam palçıq basmışdı deyə ərazidə təxliyələr də olmuşdu. İkinci dəfə, səhv etmirəmsə, 2018-ci ildə belə hadisə olub, bir də indi".
***
Qusar rayonunun Ləzə kəndinə yenidən sel gəlib.
Oxu.Az xəbər verir ki, təbiət hadisəsi nəticəsində kəndi palçıq seli bürüyüb.
Selin gəlməsinə səbəb ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti olub.
Təbiət hadisəsindən görüntüləri təqdim edirik:
Qeyd edək ki, bir neçə gün öncə də Ləzə kəndində analoji hal yaşanmışdı.
Poliqon.info