EN

Avtomobillərdə yüksək səsdə musiqi, əsassız siqnal - XƏBƏRDARLIQ

Yazını böyüt
Yazını kiçilt

Şəhər mühitində ictimai asayişin, insanların dinc yaşayışının və yol hərəkəti təhlükəsizliyinin təmin olunması hər bir hərəkət iştirakçısının üzərinə məsuliyyət qoyur. Nəqliyyat vasitələrində yüksək səslə musiqi dinləmək, əsassız səs siqnalından istifadə etmək, habelə insanların sıx məskunlaşdığı yaşayış zonalarında, məktəb və xəstəxana ətraflarında avtomobillərin yüksək sürətlə idarə olunması nəticəsində səs-küy yaradılması yolverilməzdir. Bu cür davranışlar yalnız yol hərəkəti intizamına mənfi təsir göstərmir, eyni zamanda, sürücülər və piyadalar arasında çaşqınlıq və gərginlik yaradır, ictimai asayişi pozur və qəza riskini dəfələrlə artırır.

Hafta.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatında bildirilib. Qeyd olunub ki, qanunvericiliyin tələbinə görə, səs siqnalından istifadə yalnız xüsusi zərurət yarandıqda - yol-nəqliyyat hadisəsinin qarşısını almaq, insan həyatına və sağlamlığına birbaşa təhlükə mövcud olduğu hallarda icazəlidir.

Qaydalara əməl olunması, intizamlı davranış və qarşılıqlı hörmət prinsiplərinə riayət edilməsi yol hərəkəti təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır. Sürücülərin məsuliyyətsiz hərəkətləri ictimai mühitdə narahatlıq yaratmaqla yanaşı, qəza ehtimalını artıraraq insanların həyat və sağlamlığını riskə atır.

BDYPİ bir daha bütün sürücülərin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrinin idarə olunması zamanı səs-küyə səbəb olan hərəkətlərdən çəkinmək, qanunvericiliyin tələblərinə riayət etmək və yol hərəkəti qaydalarına hörmətlə yanaşmaq hər kəsin borcudur.

Chosen
35
22
hafta.az

10Sources