9 yaşlı uşağın bağırsağından batareya və maqnit qırıntıları çıxarılıb.
Gundem.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz (KTM) məlumat yayıb.
Bildirilib ki, sentyabrın 11-də 2015-ci il təvəllüdlü uşaq qarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, qusma və bədən hərarətinin yüksəlməsi şikayətləri ilə valideynləri tərəfindən Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə çatdırılıb.
Valideynlə aparılan söhbət zamanı məlum olub ki, uşaq autizm spektr pozuntusundan əziyyət çəkir, yad cisim udma vərdişi var və 3-4 gün əvvəl batareya və maqnit qırıqları udub.
Aparılan rentgenoloji müayinədə qarın boşluğunun proyeksiyasında bir nöqtədə cəmlənmiş çoxsaylı rentgenokontrast yad cisimlər aşkarlanıb və cərrahi əməliyyat qərarı verilib. Bundan sonra qarın boşluğunun təftişi (bağırsaq ilgəklərində çoxsaylı perforasiya-deşilmə aşkarlanıb), bağırsağın iki hissədən rezeksiyası və anastomazların qoyulması (bağırsaqların uc-uca tikilməsi) əməliyyatı icra olunub.
14 günlük stasionar müalicələrdən sonra azyaşlının vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.