EN

Türkiyə qədər olmaq

Bilənlər bilir, mənim “Eurovision” manıs yarışmasına heç bir rəğbətim yoxdur. Vaxtilə Azərbaycanın burada qalib gəlməyinə, həmçinin yarışmanın Bakıda keçirilməyinə ironik, satirik yanaşmışam və lazımsız maliyyə israfı saymışam. O baxımdan, yatsam yuxuma girməzdi ki, bir gün bu temada hökumətimizi müdafiə etməli olaram.  

Demək, söhbət qısaca belədir: İsrail Fələstində əməliyyat keçirdir, kütləvi ölümlər haqda xəbərlər var, ona görə bəzi Avropa dövlətləri İsrailin növbəti “Eurovision”da iştirakı halında (Avstriyada olmalıdır) yarışmanı boykot edəcəklərini açıqlamışlar. Bu sırada Sloveniya, İslandiya, İspaniya, İrlandiya və Niderlandın adı çəkilir. Azərbaycan boykota qoşulmayıb və belə izahat verilib ki, biz siyasətə qarışmırıq, mahnı oxuyuruq, həmçinin “Eurovision” yarışının növbəti həftələrdə İsraillə bağlı nəsə qərarı olacaq, o iclasın qərarını gözləyirik.  

Bah... Bunun müqabilində qardaşımız Türkiyədə bəzi dairələrdə şivən qopmayıbmı... “Yeni akit” susur, “Sözcü” başlayır, dindarların qaşı enməmiş, müxalifət üsyan püskürür... Hətta hansısa guya Ərdoğana müxalif mediada belə başlıq şappıldatmışdılar: “Azərbaycandan gözlənilməz addım! İspaniya qədər olmadılar” və sairə.  

Qardaşlar, abilər, birincisi, siz hələ gedin Əkrəm müəllimi türmədən çıxarın, ondan sonra Qəzza deyib ağlaşarsınız. Özlərinə umac ova bilmirlər, başqasına əriştə kəsirlər. Bu mənim yadıma rəhmətlik Elçibəyin Kələkiyə qaçandan sonra belə Uyğurustan uğrunda mübarizəni dayandırmadığını xatırladır. Niyə? Şəxsi xatirədir. Çünki həmin vaxt Biləsuvarın, İmişlinin tozlu çöllərində köçkün qahımlarımla bərabər başımızı soxmağa kölgəlik axtarırdıq.  

İkincisi, Fələstinə gerçəkdən ürəyiniz yanırsa, bu yanğı niyə başqa planet sakinlərinə qarşı da yoxdur? Ayrımçılığın səbəbi nədir? İzah edim.  

Putin neçə ildir Ukraynaya bomba yağdırır. Ölən dinc sakinlərin sayı gündən-günə artır. İnsan tələfatı, hər iki tərəfdən yüz minlərlə ölçülür. Bəs Türkiyənin burada mövqeyi necədir? Heç zad. Guya neytraldırlar, amma faktiki Putinin əppəyinə yağ sürtürlər. Rusiya ilə hər cür aşkar-gizli iqtisadi əməliyyatlar şıdırğı getməkdədir. Mən bunu özümdən yazmıram, rəsmi statistika var və hazırda Rusiya neftini dünyada alan əsas 3 ölkə bu cür sıralanıb: Çin, Hindistan, Türkiyə.  

Özü də müsəlman təəssübkeşliyinin tam yeridir, çünki o savaşda ölənlərin içində tatar, başqırd, Dağıstan müsəlmanları ön sıralarda gəlir. Ta türk etnosları olmaqlarını heç yazmıram.  

Buyurun, siz də qatil Putinlə əlaqəni durdurun. Ondan sonra bəlkə haqqınız çatar ki, “qatil Netanyahuya boykot” qışqırasınız. Necə deyərlər, qonaqlıq yaxşı şeydir, bir gün sizdə, bir gün bizdə. Yoxsa, vallah, qardaş ölkənin siyasi və media cəmaətinin ağıl və qanacağına baxanda bəzən şaşqın qalırsan, düşünürsən, əcəba, orada hamı bizim şanlı “Səidə Bakirqızı” ağıldadırmı və geopolitik işlərə “oradan çıxın, buradan dönün, oyy, uyy” tipində şaxsey-şivənlə yanaşırlar?  

Mən Türkiyəni də öz dövlətim sayıram, ona görə bu təndiqlərim elə özümüzü tənqiddir. O baxımdan, Ankaradan kimsə Bakıya üzünü turşudanda, ya tərsi ediləndə bunu Füzulidən Cəbrayıla, Masallıdan Lənkərana çəp-çəp baxmaq kimi mənasız hərəkətlər silsiləsindən hesab edirəm.  

Hələ bəzən lap karikatur münasibət pisləşmələri yaşanır, məsələn, deyir hansısa türk serialında azərbaycanlılar təhqir olunubmuş. Mənə oxucular məktub yazmışdılar, oradan bilirəm. Birinci və axırıncı izlədiyim (hər mənada - çünki o qədər bekar deyiləm belə mənasız işlərə vaxt ayırım) Türkiyə serialı “Qurdlar vadisi” olduğundan mövzudan bixəbərəm, lakin hər hansı serial xalqı təhqir edə bilməz. Əgər serialdan pis olarıqsa, deməli, elə pis gündəyik. Kinomuz çəkilsə, gərək qırılaq. Güney Azərbaycanda, Təbrizdə belə yaxşı misal var: “Şilə ilə yıxılan ev, plov bişir qoy dağılsın”. (Şilə - düyü şorbasıdır).  

Sözü ona gətirirəm ki, bizim “İspaniya qədər olmamağımızın” yalnız bircə səbəbi var: Türkiyəmiz qədərik.  

 

 

 

 

Chosen
19
musavat.com

1Sources